"Tramp yeni dünya düzəni formalaşdırmaq cəhdləri ortaya qoyur" - POLİTOLOQ AÇIQLADI

12 Fevral 2025 15:43 (UTC+04:00)

"ABŞ prezidenti Donald Trampın yenidən hakimiyyətə gəlişi və qısa dövr ərzində qəbul etdiyi qərarlar ilə dünyanın gündəmini zəbt edib deyə bilərik. ABŞ üçün qızıl dövr vəd edən Tramp istər daxili, istərsə də xarici siyasətlə bağlı atdığı addımlarla yeni dünya düzəni formalaşdırmaq cəhdləri ortaya qoyur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, Tramp hakimiyyətə gəldikdən sonra dünyada baş verən müharibələrin dayandıracağı ilə bağlı vədlər versə də, amma Qrilandiya, Kanada, Meksika, Panama körfəzi ilə bağlı mövqeyi və bunun ardınca Qəzza zolağında Qəzza sakinlərinin köçürülməsi ilə bağlı ortaya qoyduğu mövqe, ABŞ-nin ərazisinin genişləndirilməsi ilə bağlı çağırışlar, Avropa İttifaqı ilə münasibətlərin yenidən baxılması ilə bağlı verdiyi bəyanatlar və ayrı-ayrı ölkələrə ABŞ-yə idxal olunan məhsullara yeni vergilərin tətbiq olunması onu göstərir ki, söhbət heç də münaqişələrin, gərginliyin aradan qaldırılması və sabitlikdən yana yox, əksinə daha çox qeyri-sabitliyə və gərginliyə aparıb çıxaran bir siyasət yürütdüyünü görürük: "Təbii ki, Trampın birinci hakimiyyət dönəmində olduğu kimi, yenə də İran və Çin üzərinə xüsusi olaraq fokslanması, hər iki ölkənin zəiflənməsi istiqamətində konkret planların hazırlanmasını biz görürük. İranla bağlı yenidən maksimum təzyiq siyasətinə start verilməsi, eləcə də Çinlə münasibətlərdə xüsusən də iqtisadi cəhətdən Çinin zəifləməsi üçün müvafiq tariflərin tətbiqi həyata keçirilməyə başlanılıb. Tramp hakimiyyəti dövründə vəziyyətin daha da mürəkkəb olacağı ehtimalını artırır. Təbii ki, ABŞ-nin Cənubi Qafqazla bağlı yürütdüyü siyasətdə, digər regionlarda apardığı siyasətlə hansısa formada uyğunlaşdırılmalıdır. Çünki ABŞ İranı özü üçün hədəf olaraq seçibsə, o zaman İrana qonşuluqda yerləşən Cənubi Qafqaz ölkələri də ABŞ-nin bir nömrəli maraq dairəsindədir. Eyni şey Çinlə bağlı siyasətə də aiddir. Bu gün görürük ki, Orta Asiya ölkələrinin Rusiya və Çindən asılılığını aradan qaldırması istiqamətində siyasət aparılacaqsa, Orta Asiya ölkələrinin asılılıqdan qurtulmaq üçün ən rahat yolu onlar üçün Avropaya çıxış üçün ABŞ-nın yürütdüyü siyasətdən ibarətdir".