“Azərbaycan iqtisadiyyatının diversifikasiyası, neftdən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafı istiqamətində əsas hədəflərdən biri ölkənin nəqliyyat potensialının inkişaf etdirilməsi və beynəlxalq nəqliyyat qovşağına çevrilməsidir. Ölkəmizin əlverişli coğrafi mövqeyi, Şərqdən Qərbə və Şimaldan Cənuba gedən ticarət yollarının kəsişməsində yerləşməsi bu hədəfə çatmaq baxımından müsbət amildir. Bununla yanaşı, beynəlxalq tranzit yük axınlarını təmin etmək məqsədilə ölkə daxilində nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi, beynəlxalq dəhlizlərin funksionallığının artırılması tələb olunur.
Bu istiqamətdə Azərbaycan tərəfindən həyata keçirilən uzunmüddətli strateji addımlar artıq öz bəhrəsini verir. Azərbaycan üzərindən tranzit daşımaların əsasını dəmir yolları təşkil edir. 2022-ci ildən etibarən tranzit daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. 2024-cü ilin 12 ayında ADY tərəfindən tranzit, idxal, ixrac və daxili rejimlərdə 18,5 milyon tondan çox yük daşınıb. 2023-cü illə müqayisədə 2024-cü ilin analoji dövründə daşınmış tranzit yüklərin həcmi 5,7% artaraq 7,3 milyon ton, idxal yükləri isə 10% artaraq 5,2 milyon ton olub. Əsas tranzit istiqaməti olan Şərq-Qərb marşrutu üzrə il ərzində 3,2 milyon tondan çox yük daşınıb. Tranzit rejimdə daşınmış yüklər arasında neft və neft məhsulları 2,8 milyon tonu keçib və 2023-cü ilin göstəricilərini 11% üstələyib. Əsas yüklərdən olan metal filizləri və metal sənayesi məhsullarında 8%, ağac, sellüloz, kağız məhsullarında isə 26% artım qeydə alınıb. Neft və neft məhsulları idxal rejimdə də ən böyük paya sahib olaraq 2023-cü illə müqayisədə 89%, kimya sənayesi məhsulları 12%, daş kömür və digər yanacaq məhsulları 52% artım göstərib". Bu sözləri ADY-nin rəsmi nümayəndəsi Bəxtiyar Hacızadə SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan üçün əsas strateji əhəmiyyətli tranzit dəhlizi Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşındığı Orta Dəhliz hesab olunur: "Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan limanlarından keçməklə formalaşan əsas marşrutun fəaliyyətinin təmin edilməsi ilə yanaşı, Azərbaycan tərəfi bu dəhlizin şaxələndirilməsi və alternativ qollarının da formalaşdırılması üzrə əsas təşəbbüskar tərəf olmuşdur. Belə ki, tranzit yüklərin Gürcüstan limanlarına paralel olaraq Türkiyə üzərindən də Avropaya və açıq dənizlərə daşınmasını təmin etmək məqsədilə Azərbaycan tərəfinin, xüsusilə də ADY-nin aktiv və birbaşa iştirakı ilə Bakı–Tbilisi–Qars (BTQ) dəmiryol xətti inşa edilib və 2017-ci ildə açılışı olub.
Orta Dəhlizin əsas komponentlərindən biri olan BTQ xəttinin imkanlarının genişləndirilməsi məqsədilə aparılan modernləşdirilmə işlərinin sürətləndirilməsi və yekunlaşdırılması üçün xətt vasitəsilə yükdaşımalar 2023-cü ilin may ayında müvəqqəti olaraq dayandırılmışdı. İşlərin sürətləndirilməsi sayəsində 2024-cü ildə Bakı–Tbilisi–Qars dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə işləri tamamlanıb və illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb. Modernləşdirmə işləri tamamlandıqdan sonra ötən il mayın 20-dən etibarən yükdaşımalar bərpa edilib".
Qurum rəsmisi həmçinin bildirib ki, Orta Dəhliz və modernləşdirilmiş BTQ dəmiryol xəttinin geniş imkanları sayəsində 2024-cü ilin iyun ayından Sian limanı ilə yanaşı, Çinin şərqdəki ən böyük limanlarından olan Lianyunqanqdan yüklərin test rejimində göndərilməsinə başlanılıb: "Modernləşdirmə işlərinin tamamlanmasının ardınca ötən il həm də ADY və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətlərinin təsisçiliyi ilə “BTKI Railways” MMC adlı birgə müəssisə yaradılıb. Yeni müəssisə BTQ üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərərək regionda strateji nəqliyyat əlaqələrinin gücləndirilməsi və Orta Dəhlizin potensialının dəfələrlə artırılmasına töhfə verəcək. Eyni zamanda, Marabda–Kartsaxi sahəsinin bütün dəmiryol infrastrukturunun istismarı və idarə edilməsi ilə yanaşı, əldə edilən vəsaitdən Gürcüstan tərəfinə ayrılmış kredit borcunun tam olaraq geri ödənilməsini həyata keçirəcək.
Orta Dəhlizin potensialının gücləndirilməsi istiqamətində Gürcüstan və Qazaxıstan dəmir yolları ilə birgə təsis edilmiş “Middle Corridor Multimodal Ltd.” şirkəti də həlledici rola malikdir. Bu birgə müəssisə vasitəsilə vahid pəncərə yanaşmasının, stabil tarif siyasəti və səmərəli daşınma şərtlərinin tətbiqini təmin edilir. Eyni zamanda, 2024-cü ildə Çin dəmir yollarının törəmə şirkəti olan Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyasının (CRCT) birgə müəssisəyə qoşulması Orta Dəhliz üzrə daha təkmilləşmiş yanaşma, daha professional daşınma texnologiyalarını tətbiq etmək imkanlarına yol açır".
Bəxtiyar Hacızadənin sözlərinə görə, bundan başqa, Horadiz–Ağbənd layihəsinin tamamlanması, Naxçıvan Muxtar Respublikası və Türkiyə arasında yeni dəmiryol xəttinin çəkilməsi, Naxçıvan MR ərazisində dəmiryol şəbəkəsinin modernləşdirilməsi və Naxçıvan MR ilə Azərbaycanın digər hissəsi arasında dəmiryol əlaqəsinin təmin edilməsindən sonra yekun nəticədə Orta Dəhlizin daha bir qolu formalaşacaq: "ADY tərəfindən beynəlxalq tərəfdaşlarla aparılan davamlı və aktiv danışıqlar nəticəsində Orta Dəhliz vasitəsilə tranzit daşımaların sürətinin və səmərəliliyinin artırılması məqsədilə konteyner daşımalarının həcmi və payı ildən-ilə artırılır. Ötən il Çindən Azərbaycana 358 konteyner blok-qatarı (artıq onlardan 287-si qəbul edilib) göndərilib. Bu, Orta Dəhlizlə yükdaşıma həcminin artdığını və Azərbaycanın beynəlxalq nəqliyyat sistemindəki rolunun daha da gücləndiyini göstərir. 2024-cü il ərzində bu dəhlizlə Çindən daşınan yüklərin həcmi 27 min konteyneri keçib. Bu, 2023-cü ilin göstəricilərini 25 dəfədən çox üstələyir.
Orta Dəhlizin tək Şərq-Qərb marşrutu kimi yox, həm də Qərb-Şərq nəqliyyat arteriyası kimi inkişafını dəstəkləmək məqsədilə 2024-cü ilin noyabr ayında Bakıdan dəmir yolu ilə ilk ixrac yükü Çinə göndərilib. Bu, yerli sahibkarlara öz yüklərini Orta Dəhlizlə birbaşa Çinə göndərməyə şərait yaradır".