“Bildiyiniz kimi ötən il ölkə Prezidenti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bu çərçivədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirinin də ölkəmizdə keçirilməsi ölkəmizin bərpa olunan enerji siyasətini uğurla davam etdirməsinin bariz nümunəsidir. Bununla bağlı 2024-cü il ərzində bərpa olunan enerji layihələrinin icrası istiqamətində inamlı addımlar atılmışdır. Cari ildə xüsusilə diqqət çəkən hadisələrdən biri Xızı-Abşeron KES-də ilk külək turbinlərinin quraşdırılması olmuşdur. Artıq 3 külək turbininin inşası tamamlanıb və 2025-ci ilin sonuna qədər 240 meqavat gücündə sənaye miqyaslı külək parkının tam istismara verilməsi nəzərdə tutulur. Bununla yanaşı, 1 giqavat gücündə iki günəş və bir külək elektrik stansiyasının təməli qoyulmuş və bu istiqamətdə işlər sürətlə davam etdirilir. Eyni zamanda BP şirkəti ilə əməkdaşlıq çərçivəsində Cəbrayılda inşa ediləcək “Şəfəq” Günəş Elektrik Stansiyasının təhlil mərhələsi başa çatmış və stansiyanın təməlqoyma mərasimi COP29 çərçivəsində həyata keçirilmişdir. Ümumilikdə 2027-ci ilə qədər ümumi gücü təxminən 2 qiqavata çatan 8 stansiyanın istismara verilməsi planlaşdırılır”. Bu sözləri Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, daha bir diqqətçəkən layihə isə Böyük-Şor gölündə yerləşən üzən günəş stansiyasıdır: “Stansiya hazırda sınaq mərhələsindədir və əldə edilən nəticələr bu tip layihələrin gələcəkdə genişlənməsi üçün böyük perspektivlər vəd edir.
Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədi ilə ölkəmizdə çoxsaylı layihələr həyata keçirilib və yeni layihələrin icrası istiqamətində ciddi addımlar atılır. Belə ki, 230 MVt gücündə “Qaradağ” GES ölkəmizdə xarici investisiya hesabına inşa edilmiş ilk stansiyadır. Bu stansiya sayəsində enerji balansımıza ildə 500 mln. kVt·saat yaşıl enerji daxil olacaq. Ümumilikdə ölkədə 98 elektrik stansiyası fəaliyyət göstərir ki, bunların 58-i su elektrik stansiyası, 5-i külək elektrik stansiyası, 9-u günəş elektrik stansiyası, 1-i məişət tullantılarının emalı, 3-ü isə hibrid elektrik stansiyasıdır. Ötən il ölkənin ümumi enerji balansında bərpa olunan enerji mənbələrinin payı su elektrik stansiyaları daxil olmaqla 1 792,6 MVt təşkil etmişdir ki, bu da ümumi istehsal gücünün, təxminən, 21,3 faizini təşkil etmişdir. 2024-cü il üzrə istehsal göstəricilərinə gəldikdə isə, ötən il Azərbaycanda 28,3 milyard KVt/saat elektrik enerjisi istehsal edilib ki, bunun da təxminən 3,8 milyard KVt/saatı bərpa olunan enerji mənbələrinin payına düşür. Belə ki, bərpa olunan enerji mənbələri üzrə göstəricilərə diqqət yetirsək, su elektrik stansiyalarında 3011 mln kVt·st, külək elektrik stansiyalarında 51,1 mln. kVt·st, günəş elektrik stansiyalarında 556,3 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 232,5 mln. kVt·st elektrik enerjisi istehsal edilmişdir”.