“Baş verə biləcək təbii və texnogen hadisələr mövcuddur. Texnogen hadisələri insan fəaliyyəti nəticəsində meydana gələn yanğın, qaz sızması nəticəsində olan partlayışlardır. Təbii fövqəladə hallar isə bilavasitə təbiətin özündə yaranan vulkan püskürməsi, sel daşqınları, ildırım çaxması kimi hadisələr hesab olunur. Bütün bu hallar fövqəladə hadisələrin miqyasından asılı olmayaraq təhlükəsi müəyyən olunmaqdadır. Belə ki, fövqəladə hadisələr az ağır, orta və çox ağır kateqoriyalarına bölünür. Baş verə biləcək fövqəladə hadisələrin orta yaxud çox ağır ölkələrdə, dövlətlərdə bu hallara insanların sağlam və təhlükəsiz şəkildə təxliyyə olunması üçün həmçinin bu fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması məqsədi ilə kifayət qədər işçi qüvvəsi ayrılır”. Bu sözləri təhlükəsizlik üzrə ekspert Orxan Musayev SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, işçi qüvvələri müxtəlif dövlət qurumları tərəfindən təşkil olunur: “Milli təhlükəsizlik məsələlərinin tənzimlənməsi müasir tələblərə cavab verən ölkələrdə o formada təşkil olunur ki, baş verə biləcək hər hansısa bir təbii və texnogen hadisələr dövlətin ərazisinə, suverenliyinə, ərazi bütövlüyünə təsir göstərə bilməsin. Hər bir ölkədə fövqəladə hallarla bağlı öncədən proqnozlaşdırılan və proqnozlaşdırılmayan təhlükələrə qarşı hazırlıq tədbirləri görülür. Bütün növ tədbirlərin məqsədi baş verə biləcək bu hadisələr zamanı dövlətin milli təhlükəsizliyinə zərərin dəyməməsini təmin etməklə əlaqəlidir. Yəni baş verə biləcək hər hansı fövqəladə hadisə ilə bağlı ölkənin milli suverenliyinə, təhlükəsizliyinə hər hansısa bir təhlükə aşılanmamalıdır”.
Həmçinin məsələ ilə bağlı milli təhlükəsizlik üzrə mütəxəssis Rəşad Rza fikirlərini bildirib. Onun sözlərinə görə, fövqəladə halların milli təhlükəsizliyə təsiri əsasən süni şəkildə törədildikdə yaranır: “Buna nümunə hər hansı ölkədə süni zəlzələnin yaradılması, süni formada ildırımın çaxması və onun nəticəsi olaraq meşələrin yandırılması aid edilir. Bütün bunları terror hadisəsi kimi qiymətləndirmək olar, çünki o zamanda insanlara qorxu yaratmaq nüansları var. Bundan başqa bu milli təhlükəsizlik hadisələrinin ekonomik tərəfdəndə təsirləri ola bilir. Həmçinin bu hadisələrin siyasi qərarlara və danışılmış mövzulara təsiri böyükdür. Yəni bütün bunlar milli təhlükəsizliyə təsir edəcək faktorlardır”.