Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) keçirilən müşavirədə akademiyanın 80 illik yubileyinə və AMEA-nın ümumi yığıncağına hazırlıq məsələləri müzakirə edilib. Bu barədə SİA-ya akademiyadan məlumat verilib. Bildirilib ki, müşavirədə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan Milli Elmlər Akademiyasının 80 ildə şərəfli yol keçdiyini, alimlərimizin elmi nailiyyətlərlə dövlətimizin iqtisadi inkişafına, həmçinin maddi mədəniyyətimizin qorunmasına, azərbaycançılıq ideologiyasının cəmiyyətimizdə güclənməsinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verdiyini söyləyib. Qeyd olunub ki, bu şərəfli tarixin yolları müxtəlif tədbirlərlə, nəşrlərlə ictimaiyyətə təqdim ediləcək.
Daha sonra müşavirədə AMEA-nın Ümumi yığıncağına hazırlıq məsələləri müzakirə olunub.
AMEA-nın Ümumi yığıncağına hazırlıqla bağlı cari işlərin vəziyyəti, o cümlədən hesabat və təqdimatların müasir tələblərə uyğun hazırlanması və çap məsələləri barədə akademik İsa Həbibbəyliyə məlumat verilib.
Ümumi yığıncaqdan əvvəl elmi nailiyyətlərə həsr olunmuş sərgilərin yüksək səviyyədə təşkili ilə bağlı elmi bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
2024-cü ilin elmi yekunlarına həsr edilmiş AMEA-nın Ümumi yığıncağı fevralın 20-də keçiriləcək.