"Xıdır Nəbi" bayramı eyni zamanda "Xıdır İlyas" adı ilə də tanınır. Bir sıra alimlər bu bayramı yazla əlaqələndirərək "İlyas" adlandırılıb. Hətta bir çox alimlərdə bu fikirlə razılaşır, lakin bu bayram yalnız "Xıdır İlyas" deyil, həmçinin "Xıdır Nəbi", "Xıdır Tapdıq" kimi adlarla mövcuddur. "Xıdır Nəbi" bayramı fevral ayında, "kiçik çilə" adlandırılan bir dövrün ən kəskin soyuq günündə xalqımızın arasında qeyd olunur. Qış ayı ümumilikdə “böyük cilə”, “kiçik cilə”, “boz ayı” mərhələlərinə bölünür. Təbii ki də bu təqvim rəsmi deyil, çünki bu dövrlər daim eyni günə düşmür. Hər il fərqli-fərqli günlərə düşə bilir. Hesablamalara görə, "kiçik çilə" adlandırılan mərhələ fevralın 1 yaxud 2- nə təsadüf edir. Bayram isə "kiçik çilə”-nin girməsindən 10 gün sonra, yəni mərhələnin orta dövrünə təsadüf edir. Bu dövr çox soyuq, şaxtalı keçdiyindən insanlar "Xıdır"-dan hərarət diləyir. Əslində "Xıdır" xalqı xilasetmə missiyasını üzərinə götürmüş mifoloji obrazdır. Bu missiya soyuqdan, şaxtadan qorunmanı, isti günlərin arzulanmasını əhatə edir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Mərasim şöbəsinin aparıcı elmi işçisi f.ü.f. dok, dosent Atəş Əhmədli SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, insanlar həmin dövrdə qorğa qovururlar: "Yəni dənli bitki olan buğdanı sac vasitəsi ilə qovururlar. Hazırda buna kənd yerlərində təsadüf olunur. Sacın iç tərəfi olan oval hissəsində dənli bitkilərə aid edilən şabalıd, buğda və s. kimi bitkilər qovrularkən, təpəcik adlanan üst hissəsində yuxa yayırlar, qutab bişirirlər. Bununla yanaşı həmin dövrdə qovrulan qorğadan qovut hazırlanır. Qədim dövrdə adətə görə nənələrimiz, analarımız həmin qovrulan qorğanı qəmbər, yəni çay daşı ilə tabaklarda əzirdilər. Yəni bu prosesdən sonra qovur hazırlanırdı. Qovut isə əzilmiş olduğu zaman un şəklini alır. Həmçinin qovuta müxtəlif təamlarda əlavə olunurdu. Burada əsas məsələ bunun "Xıdır"-ın şərəfinə hazırlanması idi. İnsanların düşüncəsinə görə, hazırladıqları təamı gecə yatanda çölə qoyduqları zaman, boz atlı "Xıdır" gəlib atının ayağının nalı ilə qabın içinə toxunub iz qoyarsa, onların arzu, istəyi həyata keçər. Həmçinin qış ayı insanlar üçün al-əlvan rənglər yox, əsasən tünd rənglər təsəvvür edilir. Həmin "Xıdır"-ın atının “boz rəngdə” təsəvvür olunması buna işarədir".
Atəş Əhmədli bildirdi ki, insanlar "Xıdır"-ı kasıblıqdan, kəsadlıqdan, soyuq və şaxtalı günlərdən xilas olmaq üçün arzulayırlar: "Bu bayram yazın xəbərçisi olduğundan, insanlar yığdığı azuqələri bu vaxta qədər çatdırmağa çalışırlar. Ona görə də insanlar artıq o zamanda noxud, lobya, buğda və s. kimi dənli bitkilərlə təamlar hazırlayırdılar. Hazırda bu bayram Naxçıvanda qeyd olunur. Bizdə günəşin gəlişi yaz fəslinin bəlgəsi kimi qəbul olunur. Bu bayramı günəşin şimal yarım kürəsinə daxil olduğu andan qeyd edirik. Hətta dəqiq tarixi 20 mart 13:01:25 saatlarında gecə və gündüzün bərabərləşməsi ilə şimal yarımkürəsində olan dünya ölkələri yaz fəslini qarşılayır. Həmin tarixdə xalqımız "Novruz" bayramını" qeyd edir. İstər çərşənbələr, istər "Novruz" bayramı, yaxud "Xıdır Nəbi" bayramı yazın gəlişini təmsil edir. Bu da təbiətin oyanmas, ətraf aləmin yaşıllığa qərq olması ilə müşaiyət olunur ".