Ölüm hökmü ədalətli cəza ola bilər? - ARAŞDIRMA

12 Fevral 2025 11:19 (UTC+04:00)

Edam və ya ölüm hökmü, ya da ölüm cəzası — insanı həyatdan məhrum edən cəza növüdür. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır.

Tarixi

Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.

Səudiyyə Ərəbistanında dini inanclara qarşı çıxan, Allaha şəkk gətirən, narkotik maddə satan, Çində adam oğurluğu ilə məşğul olanlar, adam öldürənlər və b. ölümə məhkum olunurlar.

Kommunist Çin Xalq Respublikasında ölüm hökmü verilən məhkumların çoxluğunu uyğur türkləri tutur. Beynəlxalq təşkilatların məlumatlarına görə, müxtəlif ittihamlarla öldürülən uyğurların sayı yüzlərlədir. Urumçidəki Liudavan həbsxanasında hər ay 30-dək insan işgəncəylə ölümə məhkum edilir.

ABŞ-nin həbsxanalarında bu gün ölüm hökmünün icrasını gözləyən 973 məhkumun olduğu bildirilir. Bunların böyük əksəriyyəti Afrika və Latın Amerikası əsilli şəxslərdir.

Edam növləri

Asaraq öldürmə — bu cəza əsasən Misir, İran, İraq, Yaponiya, İordaniya, Pakistan, Sinqapur, Əfqanıstan, Yəmən və digər ölkələrdə həyata keçirilir. Məhkumlar ictimaiyyətin gözləri önündə qurulmuş dar ağaclarından, xüsusi edam stendlərindən və ya kran maşınlarından asılmaqla edam olunurlar. Asılma cəzasını ən çox nümayiş etdirən ölkə İrandır. Bəzən bu ölkədə insanların gözü önündə bir neçə nəfər şəxs eyni vaxtda asılmaqla öldürülür. 2011-ci ildə İranın Yaponiyanın "Tadano" şirkətindən aldığı kranlardan edamlar zamanı istifadə etməsi iri qaldırıcı kranlar istehsal edən "Tadano" şirkətinin İranla bağladığı bütün müqavilələri ləğv etməsinə səbəb olub. İraqın keçmiş prezidenti Səddam Hüseyn və onun qardaşının asılaraq öldürülməsi isə video kadrlarla yayımlanmışdı. Asılmağa aparılan insanlar əvvəlcə sanitar qovşağa aparılır, daha sonra isə gözləri bağlanılır (və ya başına qara torba keçirilir). Məhkumun başına qara torbanı ona görə keçirirlər ki, edam zamanı təzyiq nəticəsində yerindən çıxan göz gilələri görünməsin. Asma edamlarını həyata keçirən cəlladlar diqqətli olmalıdırlar. Edam zamanı məhkumun boğazına keçirilən kəndirin uzunluğunun asılan bədənin çəkisinə nisbəti mütləq nəzərə alınmalıdır. Əks halda, məhkumun başı, Səddam Hüseynin qardaşında olduğu kimi, bədəndən qopa bilər.

Güllələmə — Bu ölüm cəzası bir sıra Afrika ölkələri, həmçinin Rusiya, Şimali Koreya, Vyetnam, Suriya, Cənubi-Şərqi Asiya ölkələrində tətbiq edilir. Güllələnməyə gətirilən məhkumun gözləri bağlanılır, bir və ya bir neçə şəxs tərəfindən onun bədəninin müxtəlif hissələrinə atəş açılmaqla qətl icra olunur. Bəzi ölkələrdə hərbi cinayətlər törədən və ya fərarilik edən hərbçilər əsgərlərin gözü önündə güllələnirlər. Uzun müddət Rumıniyaya rəhbərlik etmiş kommunist Nikolay Çauşesku 1989-cu il dekabrın 25-də güllələnərək edam olunub. Güllələmə edamı adətən səhərə yaxın, günəş doğandan 30 dəqiqə və ya 1 saat sonra icra olunur.

Boğma — bir sıra xalqlar ölüm cəzasının insan qanı tökmədən icra edirlər. Belə olan halda cəza məhkumun boğulması ilə icra olunur. Fiziki cəhətdən sağlam və güclü cəllad məhkumun boynunu qolları arasında sıxmaqla onu boğur.

Tapdalama — bu ölüm cəzası əsasən Hindistanın bir sıra ştatlarında və bəzi Afrika ölkələrində icra olunur. Məhkumlar fillərin ayaqları altına atılmaqla öldürülür.

Elektriklə öldürmə — əsasən ABŞ və bəzi Latın Amerikası ölkələrində bu cəza icra olunur. Məhkum xüsusi hazırlanmış elektrik stuluna oturdulur. Onun əllərinə, ayaqlarına və başına nəm əski qoyulur, üzəri mis qapaqla bağlanır və məhkumun gözlərini bağlayırlar. Yüksəkgərginlikli elektrik cərəyanının buraxılması nəticəsində məhkum bir neçə saniyə ərzində dünyasını dəyişir.

Baş kəsilməsi — bu cəza növü əsasən Səudiyyə Ərəbistanında qüvvədədir. Səudiyyə Ərəbistanında baş kəsmə üzrə ixtisaslaşmış cəlladlar və dövlətin nəzdində cəllad hazırlayan xüsusi məktəblər mövcuddur. Bu ölkədə məhkumların başı adətən qılıncla kəsilir. Ölüm cəzası almış məhkumun əlləri və ayaqları arxadan bağlanır. Sifəti maskalı cəllad diz üstə oturdulan məhkumun boynunu bir qılınc zərbəsi ilə üzməlidir. Edam cəzası insanların gözü qarşısında icra olunur və bu zaman tamaşaçılar cəllad üçün pul toplayırlar. Baş kəsmə edamı 10 sentyabr 1977-ci ilədək Fransada gilyotin maşını ilə həyata keçirilib. Fransada 1792-ci ildən tətbiq olunan gilyotin maşınında başı kəsilməklə edam olunan sonuncu məhkum Hamida Candoubi olub.

İnyeksiya — zəhərli iynə vurmaqla icra edilən bu ölüm növü ABŞ, Qvatemala, Tailand və s. ölkələrdə yerinə yetirilir. Məhkum xüsusi kresloya bağlanır. Kreslonun alt hissəsində yerləşən bir neçə iynə avtomatik sistemlə məhkumun onurğa beyninə yeridilir və iflic olan məhkum bir dəqiqə ərzində ölür.

Daşqalaq — bu cəza növü İran və Əfqanıstanda yerinə yetirilir. Əsasən zina işlətmiş insanlar, əxlaqsız qadınlar, dinə şəkk gətirənlər məhkəmənin qərarı ilə insanlar tərəfindən daşqalaq olunmaqla öldürülür. Bu, hazırda dünyada ən ağır və əziyyətli ölüm sayılır.

Cənub-Şərqi Asiya ölkələrində məhkumların ilan və zəhərli əqrəb dolu otaqlara salınaraq, bəzi xalqlarda isə çarmıxa çəkilməklə öldürülməsi növləri də mövcuddur.

Tarixən dünyanın müxtəlif ölkələrində ac və susuz saxlamaqla öldürmə (Yaponiya), gilyotin maşınında başın kəsilməsi, şaqqalama, doğrama, qaz kameralarında boğma və yandırma (Almaniya, İngiltərə) və s. edam növləri mövcud olub.

Ölkələr üzrə edamlar:

Çin 1,110+ İran 177, Pakistan 82, İraq 65+, Sudan 65+, Amerika Birləşmiş Ştatları 53, Səudiyyə Ərabistan 39+, Yəmən 30+, Vietnam 14, Küveyt 10+, Somali 7+, Sinqapur 5+, Yaponiya 4, Malayziya 4, Misir 4+, İordaniya 4+, Bəhreyn 3, Monqolustan 3, İndoneziya 3+, Şimali Koreya 2, Suriya 2, Uqanda 2, Banqladeş 1, Botsvana 1, Ekvator Qvianası 1

İslam dinində ölüm hökmü

Ağır cəzalar insanları müəyyən mənada cəzalardan çəkindirmək xüsusiyyəti də daşıyır. Bu yanaşma İslam dinində xüsusən bariz şəkildə qeyd olunur. Qurani-Kərimin bir sıra ayələri edam cəzasının məhz bu məqamına diqqət çəkir. “Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu). Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində (öldürə bilərsiniz). (Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey, qanbahası müqabilində) bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir. Bağışlanmış (qatil də) yaxşılıqla (qan sahiblərinə) ”diyə" (qanbahası) verməlidir. Bu, (qisası qanbahası ilə əvəz etmək hökmü) Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan (diyə müqabilində bağışlamaqdan) sonra təcavüzkarlıq edən (qatili öldürən və ya onun qohum-qardaşı ilə düşmənçilik edən) kimsəni (qiyamətdə) şiddətli əzab gözləyir!

Ümumi olaraq İslam hüquq məktəbində ölüm cəzası tətbiq olunur. Edam cəzaları ümumi olaraq ictimai fəsad (məsələn, küfrün yayılması) və “haqqun nas”, yəni insan haqqının tapdanmasına görə tətbiq olunur. İslam hüququ ümumi olaraq 3 halda edam cəzasını tətbiq edir. Müsəlmanın - insanın canına, malına və namusuna təcavüz zamanı məhkəmə qurulur və şəri hakim (İslam hüququ bilicisi) zəruri şərtlər (cinayəti sübut edən faktlar, təsdiq edən şahidlər, 4 şahid tələb olunur - K,) yerində olarsa ölüm hökmü cəzası verir. Lakin bu zaman da qarşı tərəfə günahkarı əfv etmək təklif olunur - əgər hüquq imkan verirsə. Yəni məsələn, iki nəfər arasında mübahisə nəticəsində biri o birini qəsdən qətlə yetiribsə, qatilin cəzası ölüm olur. Lakin məhkəmə Quran ayəsinə əsasən ölünün yaxınlarına qatili əfv etmələrini təklif edir. Son aylarda İranda bu cür iki hadisə olub. Qətlə yetirilmiş şəxsin valideynləri qatili son anda, dar ağacında əfv ediblər.

“Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə, hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz!” (Şura surəsi, 40-cı ayə)

Bundan başqa, evli kişi və qadının zina etməsi (qeyri-qanuni cinsi əlaqə) İslam hüququnda edam cəzasına səbəb ola bilər. Ancaq bunun üçün 4 adil şahid olmalıdır ki, məhkəmədə iddianı təsdiq etsinlər. Eyni zamanda quldurluq, yəni müsəlmanın malına təcavüz edərək qarət etmək, yağmalamaq İslam hüququnda edam cəzası nəzərdə tutur.

Ancaq bütün bu cinayətlərə hökm İslam məhkəməsi tərəfindən verilir. Məhkəmədə İslam hüququ bilicisi (şəri hakim - qazı) məhkəməyə rəhbərlik edir, tərəfləri dinləyir və ən mühümü şəriətin tələb etdiyi şərtlərin təmin olunmasına nəzarət edir. Yəni şahidlər ədalətli olmalıdır, cinayət ölüm hökmünü vacib edəcək dəlil və sübutlarla təsdiqlənməlidir. Əgər bütün bunlar olsa, İslam hüququ yalnız cinayəti törədənə edam cəzası tətbiq edir. Əgər cinayəti bir neçə nəfər törədibsə, qisas hüququ hər birinə tətbiq olunur. Lakin bu halda da hər bir şübhəli barəsində dəlillər yerində olmalıdır. Bundan başqa, İslam hüququ qətli yalnız bilərəkdən törədilən qətlə tətbiq edir, qəsdən olmayan cinayətlərdə edam cəzası tətbiq olunmaz. Əgər hətta bütün ittihamlar təsdiq olunsa belə, ölən adamın ailəsi qisasdan imtina etsə, o zaman məhkəmə edam hökmü verə bilməz. O halda diə, yəni cərimə ödənilir.

Azərbaycanda edam tarixi

Azərbaycanda ölüm hökmü 1998-ci il fevralın 10-da ləğv edilib. O vaxta qədər ölüm hökmünə məhkum edilmiş, lakin cəzaları icra olunmamış 128 nəfərə həyatları bağışlanıb. Buna qədər Azərbaycanda yalnız ağır, xüsusilə ağır cinayətlərdə məhkum olunan şəxslərə ölüm hökmü elan edilib. Sabiq müdafiə naziri Rəhim Qazıyev, baş naziri Surət Hüseynov, sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin Qazax bölməsinin komandiri Elçin Əmiraslanov, özünü qondarma "Talış-Muğan Respublikası"nın rəhbəri elan etmiş Ələkrəm Hümbətov barəsində məhkəmənin qərarı ilə ölüm hökmü çıxarılsa da, sonradan onların cəzaları dəyişdirilib.

Azərbaycanda ölüm hökmü Bayıl həbsxanasında, indi "ölüm kamerası" adlanan otaqda yerinə yetirilib. Cəza yalnız bir üsulla – güllələnmə ilə icra olunub. Vaxtı ilə həbsxanada çalışmış insanların sözlərinə görə, ölüm cəzası almış məhkumlar "ölüm kamerası"na gözübağlı gətirilirmiş. Burada məhkumun əziyyətsiz ölməsi üçün ürəyinə bir atəş açılırmış.

Ötən əsrin 30–50-ci illərində Bayıl həbsxanasında başqa bir edam növü – suda boğma da tətbiq edilib.

SİA mövzu ilə bağlı araşdırma apararaq hüquqşünas və sosioloqun fikirlərini öyrənib.

Hüquqşünas Xanlar Sətullayev: "Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan hüquqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çıxarılıb, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilib. Ulu öndər Heydər Əliyev 1998-ci il yanvarın 22-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə Milli Məclisə müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirib. Bu tarixi bəyanatın zəruriliyini əsaslandırıb. Milli Məclis dövlət başçısının ölüm hökmü ilə əlaqədar təklifini dəstəkləyib və 1998-ci il fevralın 10-da bu tarixi qərarı qəbul edib. Ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşmüşdür. Prezident Heydər Əliyev 1998-ci ildə yalnız dövlətdaxili norma qəbul etməklə kifayətlənməyərək həmin ilin 11 dekabr tarixində o dövrə qədər ölüm hökmünün ləğvinə dair əsas beynəlxalq sənəd olan “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın ölüm cəzasının ləğvinə yönəlmiş İkinci Fakultativ Protokoluna qoşulmaq barədə qanunun qəbul edilməsinə nail oldu. 2001-ci il dekabrın 25-də Azərbaycan "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiya və onun 1, 4, 6 və 7 saylı Protokollarına qoşulmaqla ölüm cəzasının ləğvini ehtiva edən daha bir mexanizmə daxil oldu. Belə ki, Konvensiyaya dair adıçəkilən 6 saylı Protokol məhz ölüm cəzasının ləğvini nəzərdə tuturdu. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ilin 3 fevral tarixində Milli Məclisə Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar məlum Qanun layihəsini göndərməsindən düz 25 il sonra, 2023-cü il fevralın 3-də Prezident İlham Əliyev “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu imzalamaq səlahiyyətinin verilməsi barədə Sərəncam imzaladı. Bu, hər kəsin yaşamaq hüququnun demokratik cəmiyyətdə əsas dəyər olduğuna və bu hüququn müdafiəsi üçün və bütün insanların şəxsiyyətinə xas olan ləyaqətin tam qəbul edilməsi üçün ölüm cəzasının ləğvinin vacib olduğuna əminliyin, yaşamaq hüququnun müdafiəsini gücləndirmək arzusunun və müharibə və ya labüd müharibə təhlükəsi zamanı ölüm cəzasını aradan qaldırmayan 6 saylı Protokolu yetərsiz hesab edəcək qədər qəti iradə nümayiş etdirərək bütün hallarda ölüm cəzasını ləğv etmək üçün son addımı atmaq əzminin ifadəsi, hüquq məkanımız üçün isə yeni bir eranın başlanğıcı idi.

Ölüm cəzası – cinayət törətməkdə ittiham olunan şəxsin edam edilməsini, öldürülməsini özündə ehtiva edən və yaşamaq hüququna zidd olan qəddar, qeyri-insani və ləyaqəti alçaldan cəza növüdür. Onun ləğvi insan ləyaqətinə hörməti təmin etmək baxımından vacibdir. Bir çox insan haqlarını müdafiə edən təşkilatlar ölüm hökmünün insan hüquqlarına zidd olduğunu və hər hansı bir cinayətə görə ölüm hökmünün tətbiqinin tərəfdarı olmadıqlarını bildirirlər. Xüsusilə, yanlış məhkumluq hallarında ölüm hökmünün geri alınmaz olması ədalətlilik baxımından ciddi problem yaradır.

AR Cinayət Məcəlləsində qeyd olunmuşdur ki, cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Ölüm cəzası ədalət deyil, intiqam, qisas almaq formasıdır. Lakin onun əvəzinə tətbiq edilən ömürlük azadlıqdan məhrum etmə cəzası cinayətkarı psixi və sair məhrumiyyətlərə məruz qoyaraq onun islah olunmasına səbəb olur. Bu cəza növü ölüm cəzasından daha təsirli və törədilən əmələ daha adekvatdır. Mövcud cinayətkarlıq və cəza fəlsəfəsinin ümumi ana ruhunun mahiyyəti ondan ibarətdir ki, pozulmuş hüquq onun törədilməsi nəticəsində verilmiş qisasla yəni, cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırmaqla özünü bərpa edə bilər. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyil, onu islah etməkdir. Məhkumu islah etmək onu yeni cinayətlər törətməkdən çəkindirə bilən zərərli sosial-psixollocmeyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. Bu mənada ölüm hökmü cinayətkarı yaşamaq hüququndan məhrum etməklə islah anlayışını tamamilə aradan qaldırır. Həmçinin hökm çıxaran hakim də insandır və səhv edə bilər. Həm milli, həm də beynəlxalq təcrübədə uzun müddət həbsdə qaldıqdan sonra günahsızlığı üzə çıxmış və bəraət almış şəxslər olub. Buna misal kimi elə 2003-cü ildə qeyri-rəsmi yaşadığı qadını özünü öldürmə həddinə çatdırmaqda ittiham olunaraq 2013-cü ildə ömürlük məhkum edilmiş, lakin 9 il sonra 62 yaşında günahsızlığı sübut olunaraq bəraət alaraq azadlığa çıxmış Aydın Qəhrəmanovun işini göstərə bilərik. Əgər həmin dövrdə ölüm hökmü qüvvədə olsaydı və icra edilsəydi, 9 ildən sonra Aydın Qəhrəmanovun ancaq xatirəsi yad edilə bilərdi. Çünki ölüm cəzasının tətbiqinin mümkünlüyü onun səhv etməsi halında geri dönülə bilməyəcək bir vəziyyət yaradır. Hugo Adam Bedaunun dediyi kimi: “Bir cəmiyyətdə ölüm cəzası varsa, o cəmiyyətin günahsız tək bir vətəndaşı belə güvəndə deyil”. Yeri gəlmişkən qeyd edək ki, ABŞ, İran və s dövlətlərdə edam cəzası qüvvədə olsa da, hər il neçə-neçə şəxs edam edilsə də cinayətkarlıq halları heç də azalmır.

Bunları nəzərə alaraq keçmişə nəzər salanda Ülu Öndər Heydər Əliyevin nə qədər uzaqgörən və müdrik bir şəxsiyyət olduğu bir daha aydın olur".

Sosioloq Üzeyir Şəfiyev: "Ölüm hökmü ilə bağlı məsələ həmişə mübahisəyə açıqdır. Bir qisim insan bildirir ki, ölüm hökmü çox sərt cəzadır və antihumanist bir cəza növüdür. Digər qisim isə məhz ölüm hökmünü təqdirəlayiq sayır. Mənə elə gəlir ki, hər iki mövqedə həqiqət payı var. Heç də ölüm hökmü intiqam mənasına gəlmir. Çünki yaşamaq hüququ insanın konstituon hüququdur. Hər kəsin yaşamaq hüququ var. Heç kim insanın yaşamaq hüququna toxuna bilməz. Bu, Azərbaycan konstitusiyasının 27-ci maddəsində də əksini tapıb. Ancaq konstitusiyamızda bu da vurğulanır ki, xüsusi hallar istisna olmaqla yaşamaq hüququ toxunulmazdır. Yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 1998-ci ildə ölüm hökmü ləğv olunsa da, konstitusiyanın 27-ci maddəsində mövcudluğu təsbit olunub. Xüsusi hallarda tətbiq imkanları ola bilər. Düzdür, tətbiq baxımından əsas cinayət məcəlləsi dominantlıq edir. Konstitusiyadan bunun çıxması üçün referendum olmalıdır. Amma hesab edirəm ki, ölüm hökmünün tətbiqinin müsbət və mənfi tərəfləri də var. Müsbət tərəfi ondan ibarətdir ki, kiminsə həyatına qiyan, son qoyan bir insanın niyə yaşamaq hüququ olmalıdır? Ancaq digər tərəfdən bəzi hüquq müdafiəçiləri bildirirlər ki, insanları islah etmək lazımdır, nəinki öldürmək. O adam ki, kimisə öldürüb, deməli, kimisə yaşamaq hüququndan məhrum edib. Ona görə də, adekvat cəza cəzasızlıq deməkdir. Azərbaycanda qanunların kifayət qədər hümanistləşməsi istiqamətində addımlar var. Azərbaycan, bəlkə də, Şərqdə ilk ölkədir ki, ölüm cəzasını ləğv edib. Azərbaycanda sonrakı illərdə də cəza hümanistləşməsi istiqamətində addımlar atılıb. Güman edirəm ki, bir sıra, əsas da aparıcı Qərb ölkələrinin bəzilərində ölüm hökmü yenə də var. Cəzanı verənin hökmündən də çox şey asılıdır. Bəzən olur ki, hansısa cinayətkar çox ağır cəzaya məhkum olur. Ancaq bəlli müddətdən sonra məlum olur ki, hakim düzgün qərar çıxarmayıb. Bu, ağır cəzaya məhkum olanın itirilmiş illərini xilas edə bilmir. Deməli, burada cəzanın ədalətli olmasından söhbət gedir. Bəzən belə olmur. Bir çox ölkələrin nümunəsində görə bilərik. Bu baxımdan həm ölüm cəzası, həm ömürlük cəzanı verərkən çox peşəkar, vicdanlı olmaq lazımdır. Azərbaycanda ömürlük həbs cəzası var. Daha çox çalışmalıyıq ki, onları cəmiyyətə yenidən qazandıraq. Onları cəmiyyətə inteqrasiya etmək və beləliklə, ağır cinayət əməli törədən insanların profilaktikası ilə cinayətin qarşısının alınmasına yönəlməlidir".