"Rusiya tərəfindən atılan addımlar və vəziyyəti gərginləşdirən siyasət müəyyən qədər anlaşılmaz təsir bağışlayır. Çünki bu bölgədə mövcüd olan 3 ölkənin içərisində yeganə Azərbaycandır ki, həmişə Rusiyanın maraqlarına hörmətlə yanaşıb". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, bu bölgədə Rusiyanın istəmədiyi beynəlxalq sxemlərin və proqramların işləməsinə şərait yaratmayıb, bölgənin təhlükəsizliyinə ancaq Moskvanın və Kremilin dili ilə yanaşmağa çalışıb. "Məntiqlə düşünsək görürük ki, Ermənistan və Gürcüstan yalnız Rusiyanın əleyhinə olan siyasətlərə dəstək veriblərsə, Qərb ölkələrinin burada yerləşməsinə şərait yaratmağa çalışıblarsa, Azərbaycan isə Rusiyaya qarşı tamam fərqli bir siyasət aparıb. Bunun da nəticəsi olaraq Rusiyanın Azərbaycana qarşı münasibəti çox normal olmalı idi. Amma təəssüflər olsun ki, biz başqa bir münasibətin şahidi olduq. Buna misal olaraq təyyarənin vurulması, Rus evinin bağlanması kimi məsələlərdə Rusiyanın reaksiyasını gördük ki, Rusiya siyasətinin dərin qatlarında Azərbaycana qarşı arzuolunmaz bir münasibət var. Məsələn 10 il əvvəl azərbaycanlıların Rusiyadakı Ümumrusiya Azərbaycanlılar Konqresi, bütün dünyanın gözü qabağında hay-küylə ləğv olunanda, onun yerində yeni birisi yarananda və Kreml hakimiyyəti 2-ci və 3-cü azərbaycanlılar konqresini ləğv edəndə Azərbaycan buna heç bir ağır reaksiya vermədi və Rusiyanın suveren bir dövlət olaraq daxili siyasət qərarına hörmətlə yanaşdı. Amma bu gün Rus evinin əsaslı şəkildə bağlanması addımına Rusiyanın belə aqressiv reaksiya göstərməsi qəbulolunan deyil. Eyni zamanda bizim təyyarəmizin raketlə vurulması, bir cinayət faktı kimi ortada olduğu halda, Rusiyanın lazımi addımları atmaması yenə də düşündürücüdür və normal bir halda deyil. Bütün bu sadaladığlarımdan çıxan nəticə isə odur ki, Rusiya Azərbaycanın aşırı dərəcədə öz suverenliyi və müstəqilliyi çərçivəsində müstəqil siyasət aparmasından məmnun deyil. Kreml hakimiyyəti Azərbaycandan daha az müstəqillik və daha çox aslılıq oxşuyan bir siyasət aparmağını istəyirmiş. Bu isə təbii ki, yol verilən bir siyasət deyil”.