MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında Müdafiə nazirlikləri və sərhəd qurumlarının xətti ilə əməkdaşlıq məsələlərinin müzakirə edilməsi planlaşdırılır. SİA xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bu, bu gün Minskdə MDB ölkələrinin Daimi Nümayəndələri Şurasının növbədənkənar iclasında formalaşdırılan XİN Başçıları Şurasının gündəliyinin layihəsində nəzərdə tutulub.
"Görüş zamanı daimi nümayəndələr aprelin 11-də Almatıda keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyinin layihəsini formalaşdırıblar. Sənəd müəyyən olunmuş qaydada MDB-yə üzv dövlətlərə göndəriləcək", - məlumatda qeyd olunub.
XİN Başçıları Şurasının iclasında təhlükəsizliyin təmin edilməsi, sərhəd qurumlarının, Müdafiə nazirliklərinin əməkdaşlığına dair məsələlərin müzakirəsi təklif olunur. Həmçinin gündəliyin layihəsində bir sıra humanitar əməkdaşlıq məsələləri də yer alıb.