Azərbaycanda sosis məhsulunun müayinəsi nəticəsində etiket məlumatında bəyan edilmədiyi halda, tərkibində donuz əti DNT-si aşkarlanıb. Bu barədə SİA-ya Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, istehlak bazarına nəzarət məqsədilə AQTA-nın apardığı monitorinq zamanı “Best Beef” əmtəə nişanlı “Ocaq” sosis məhsulunun (11.11.2024-cü il istehsal tarixli) müayinəsi nəticəsində etiket məlumatında bəyan edilmədiyi halda, tərkibində donuz əti DNT-si aşkarlanıb.
Bununla bağlı kolbasa emalı müəssisəsində keçirilən plandankənar yoxlama zamanı 450 qramlıq “Best Beef” əmtəə nişanlı “Ocaq” sosisindən (07.01.2025-ci il istehsal tarixli) və 1 130 kiloqramlıq “Best Beef” əmtəə nişanlı bişmiş “Doktorskaya” kolbasasından (06.01.2025-ci il istehsal tarixli) nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsinə əsasən, bu məhsullarda da donuz DNT-si müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib.
Eyni zamanda həmin məhsulların istehsalının dayandırılması, həmçinin emal edilmiş məhsul partiyalarının satışının qadağan olunması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.