Binəqədi-Balaxanı yolunda kanalizasiya problemi həll olunub? - QURUMDAN AÇIQLAMA

11 Fevral 2025 14:57 (UTC+04:00)

Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən Binəqədi-Balaxanı yolunda 5 aydır davam edən kanalizasiya sularının yola axması sakinlərin narazılığına səbəb olub. Onların sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, problem hələ də həll olunmayıb. Yolun çirklənməsi sürücülər üçün də təhlükə yaradır. Çünki bu sürüşmə riskini artırır. Sakinlər problemin tezliklə aradan qalxmasını tələb edirlər. SİA mövzu ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb.

Qurumdan saytımıza bildirilib ki, son zamanlar havaların intensiv yağıntılı keçməsi səbəbindən Digah qəsəbəsinin yer quruluşu etibari ilə çökəklikdə yerləşən bir neçə küçəsində qrunt sularının səviyyəsinin qalxması və yağış suları ilə birləşməsi səbəbindən bir neçə yerdə su kütləsinin toplanması, sakinlərin həyatyanı sahələrinə və evlərinə suların dolması müşahidə olunmuşdur: “Mələsə ilə əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətinin, qəsəbə bələdiyyəsinin və aidiyyatı təşkilatların əməkdaşları tərəfindən əraziyə baxış keçirilərək araşdırılmışdır. Tərəfimizdən və aidiyyatı təşkilatların köməyi ilə yığılan su kütləsinin ərazilərdən uzaqlaşdırlması məqsədi ilə yaxınlıqda yerləşən kanalizasiya xəttinə vurulmuşdur. Buna görə də qeyd olunan kanalizasiya xəttində yüklənmə baş vermiş və sözügedən xəttə tutulma olduğundan daşma müşahidə olmuşdur. Daşma faktı ilə bağlı tərəfimizdən Bağlar Su-Kanal İdarəsinə məlumat verilmiş və hazırda kanalizasiya xəttinin açılması işləri həyata keçirilməkdədir.

Onu da qeyd edək ki, Digah qəsəbəsində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyildir. Bununla bağlı aidiyyatı qurumlara müraciət olunub və məsələ artıq dövlət proqramına salınıb”.

Ayşən Vəli