Polşalı musiqiçilər “Qış nağılı” festivalında

10 Fevral 2025 18:44 (UTC+04:00)

Fevralın 7-dən başlayan və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ilk dəfə keçirilən Qəbələ “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı sona yaxınlaşır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, festival çərçivəsində fevralın 10-da Heydər Əliyev Konqres Mərkəzində Polşanın “Glassduo” ansamblının konserti olub.

Konsertin əvvəlində məlumat verilib ki, “Glassduo” Polşada şüşəli arfada ifa edən yeganə musiqi qrupudur və dünyada azsaylı peşəkar ansambllardan biridir. Ansambl Anna və Arkadiuş Şafranetslər tərəfindən təsis edilib. Duet həm solo, simli kvartet, həm də müxtəlif kamera ansamblları ilə uğurla çıxış edir. Musiqili bakalların səsinə valeh olan musiqiçilər bir müddət əvvəl Qdanskda simfonik orkestrdə yerlərini tərk edərək, öz ifaçılıq ideyalarını həyata keçirməyə başlayıblar.

Glassduo aləti dünyanın ən böyük peşəkar şüşəli arfasıdır və diapazonu 5 oktavanı əhatə edir. İfaçılar məhz bu alət üçün xüsusi yazılmış musiqi əsərlərinin bir neçə dünya premyerasını ifa ediblər.

“Glassduo” ansamblı 40-dan çox ölkəyə səyahət edib, bir sıra milli və beynəlxalq musiqi festivallarına dəvət olunub. Ansambl şüşə musiqisini bir çox məşhur konsert salonlarının səhnəsinə çıxarıb. Musiqiçilər stereotiplərdən imtina edərək, musiqi dünyasını mürəkkəb, eyni zamanda incə və özünəməxsus səslərlə zənginləşdiriblər.

Konsert zamanı ansamblın ifa etdiyi E.Qriqin “Per Günt” süitasından “Səhər”, “Anitranın rəqsi”, İ.S.Baxın “Tokkata d-moll”, 2 saylı süitadan “Badinerie”, V.A.Motsartın “Şüşə harmonika üçün Adagio C-dur”, P.İ.Çaykovskinin “Şelkunçik” baletindən Şəkər pərisinin rəqsi, F.Şopenin “Prelüd 4 nömrəli e-moll”, K.Debüssinin “Xəyallar”, A.Şafranetsin “Songueira”, K.Komedanın “Laylay”, A.Piazzollanın “Libertanqo” və digər bəstəkarların əsərləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.