Cəmiyyət meyitlərin yandırılmasını necə qarşılayır? -SORĞU

10 Fevral 2025 17:21 (UTC+04:00)

Son zamanlarda gündəmdə olan cəsədlərin yandırılması cəmiyyət arasında sual yaradıb. Bu mövzu Azərbycanda aktual hal ala bilərmi? İnsanlar bu barədə nələr düşünür? SİA mövzu ilə bağlı vətəndaşların fikirlərini öyrənib.

Şəhər sakini Həsən Qarayev: "Mən Azərbaycanda cəsədlərin yandırılmasına qarşıyam. Yalnız dini cəhətdən deyil, ümumiyyətlə insan həyata gəlir və həyatı doyunca yaşayır. Onu öldürən zaman əzab verərək öldürmək lazım deyil. Mən qətiyyən təxmin edə bilmərəm ki, bu hadisə Azərbaycanda olacaq. Cəsədləri yandırmaq heç bir şəkildə düzgün deyil. Hətta insan dünyaya gəlib-gedəndən sonra onları odda yandırmaq doğru bir hərəkət deyil. Təbii ki, hər kəsin öz fikri var, lakin mən bu hərəkəti etməyi özümə sığışdıra bilmərəm. Bu hadisə könüllü bir prosesdir, heç kimi məcbur edə bilməzlər. İnsan həyata torpaqdan gəlib, torpağa getməlidir".

Şəhər sakini Sənubər Güləhmədova: " Bizim müsəlmançılıqda belə bir hadisə görülməyib. Bu cür mövzulara yalnız xaricdə rast gəlmək olar. Məncə insanlar qohumlarının meyitlərini yandırmağa razı olmayacaqlar. Bizdə heç kim razı bu hadisənin gerçəkləşməsinə razı olmaz. Ümumiyyətlə belə bir şeyi heç eşitmək belə istəmirlər. Mən bu adətin Azərbaycana gəlməsini pis qarşılayıram. Bəlkə də bu adət müasirlikdir, amma camaat bunu qəbul etməz. Çünki biz belə bir işə hələ öyrəşməmişik, dini cəhətdən isə heç düzgün deyil".

Şəhər sakini Amid Qasımov: "Bu barədə instagramda qarşıma çıxmışdı. Lakin mən yaxşı qarşılamıram, yəni müsəlman ölkəsi kimi bunlar normal qarşılanmamalıdır. Məsələn, Hindistanda müsəlmanlar və buddistlər var, amma bizdə ölkə olaraq əksəriyyət müsəlmanlardan ibarətdir. Ola bilər ki, Azərbaycan əhalisindən buna razı olan olsun. Çünki müasir dövrdə yaşayırıq və hər kəsin öz fikri var. Bizim deməyimizlə təbii ki, heç bir şey düzəlməyəcək".

Şəhər sakini Seyfulla Vəliyev: "Bizlər Azərbaycanlıyıq və belə bir hərəkətin edilməsi düzgün deyil. Mən istəməzdim ki, mənim qohumunun yaxud tanışımın cəsədi yandırılsın. Çünki insanın yaxını rəhmətə gedən zaman heç olmasa onun qəbrinin olmasını istəyir. Şəxsən mən qətiyyən bu hərəkətə razı olmaram. Lakin hər kəsin bir fikri var, təbii ki buna razı olanda olacaq".

Şəhər sakini Heydar Girimov: "Mən cəsədlərin yandırılmasını olduqca normal qarşılayıram. Elə insanlarda xəstəlik yarana bilər ki, onun tək çarəsi cəsədinin yandırılması olsun. Lakin digər mentalitet cəhətdən və din faktorunu nəzərə alaraq deyə bilərəm pis qarşılanır. Sadəcə xəstəliyi nəzərə alaraq normal qarşılayıram. Təbii ki, bu könüllü şəkildə olacaq və kim istəsə razı ola bilər. Amma yenə də deyirəm olduqca normal olan bir hadisədir".

Şəhər sakini Lalə Məmmədova: " Cəsədlərin yandırılması mənim fikrimcə bizim ölkəyə uyğun deyil. İnsanlarımızın təbii ki, 50% bu təkliflə razılaşacaq, digər 50% razılaşmayacaq. Fikir ayrılığının olması normal haldır. Amma mən qətiyyən razı deyiləm. Biz əvvəldən bəri belə hərəkət görməmişik, öyrəşməmişik".

Şəhər sakini Sabir Muradov: "Mən qətiyyən bu işə müsbət yanaşmıram. Biz müsəlman əhaliyik, bizim qədimdən öz adət-ənənələrimiz var. Müsəlman qayda-qanunu ilədə davam etməliyik. Biz niyə cəsədlərimizi yandırmalıyıq axı, hansı səbəblərə görə? İnanmıram insanlarımız cəsədlərimizin yandırılmasına razı olsun. Mən heç inanmıram ki, bizim ölkədə belə bir şey olsun".