“Min bir gecə” baleti yeni quruluşda Omanda təqdim edilib

8 Fevral 2025 20:00 (UTC+04:00)

Dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun “Min bir gecə” baleti dünya səhnələrini fəth etməkdə davam edir.

Fevralın 6 və 7-də Sankt-Peterburqdakı Mariinski Teatrı Primorsk səhnəsinin (Vladivostok) balet truppası Omanın paytaxtı Məsqət Opera Teatrının səhnəsində Fikrət Əmirovun “Min bir gecə” baletini yeni quruluşda təqdim edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ikipərdəli tamaşa zamanı əsas rolları Mariinski Teatrı Primorsk səhnəsinin solistləri Anna Samstrelova, İrina Sapojnikova, Sergey Umanets, Viktor Mulıgin ifa ediblər. Simfonik Orkestrin rəhbəri Əməkdar artist Əyyub Quliyevdir.

Aktyor heyəti tarix boyu dildən-dilə dolaşan, kitablarda yaşadılan klassik bir hekayəni canlandırıblar. Tamaşa, ümumiyyətlə sevginin, müdrikliyin və sözün gücünü tərənnüm edir.

Fikrət Əmirovun məşhur ərəb nağılları əsasında yazdığı “Min bir gecə” baleti ilk dəfə 1979-cu ildə Bakıda, Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulub. Bəstəkar Şərq melodiyalarını klassik Avropa formaları ilə uğurlu şəkildə sintez edib. Tamaşanın librettosunu görkəmli Azərbaycan yazıçıları Maqsud və Rüstəm İbrahimbəyov qardaşları yazıb.

Oman qəzeti onu da yazır ki, balet, həmçinin qadın müdrikliyinə və gücünə bir ehtiramdır. Fikrət Əmirov bu əsəri həyat yoldaşı Aida Əmirovaya ithaf edib. İlk premyerasından sonra balet beynəlxalq arenada böyük müvəffəqiyyət qazanıb və Şərq nağıllarını səhnəyə gətirən ən möhtəşəm baletlərdən biri kimi tarixə düşüb.

Qeyd edilməlidir ki, “Min bir gecə” baletinin yeni quruluşu 2025-ci ilin əvvəlində Rusiyanın teatr əsərlərinin Qızıl Fondu müsabiqəsində ölkənin 300 ən yaxşı tamaşası sırasına daxil edilib. Primorsk səhnəsinin (Vladivostok) balet truppası baleti Yaxın Şərqdə ilk dəfə 2023-cü ilin dekabrında Dohada təqdim edib.