Bu gün Abşeron Milli Parkının 20 illiyi qeyd olunur. Bu, tarix üçün böyük rəqəm olmasa da təbiətə töhfə baxımından əhəmiyyətli hadisədir. İyirmi il ərzində bu ərazilər antropogen təsirlərdən qorunub, kənar təsirlərin minimuma endirilməsi həyata keçirilib. Ötən illər ərzində qazandıqlarımız çoxdur. Ən önəmlisi ekoturizm sahəsində irəliləyişin əldə olunmasıdır. Artıq Abşeron Milli Parkı həm də Şah dili adı ilə tanınır. Yəni Şah dili brendinin formalaşmasına və məşhurlaşmasına nail olmuşuq.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu milli parkın direktoru Etibar İbrahimov deyib.
“Milli parkın ərazisində son illər ekoturizmin inkişafı istiqamətində xeyli işlər görülüb. Hazırda müxtəlif ekosistem xidmətləri göstərilir. Son 5-6 ildə turist sayı 10-15 dəfə artıb. Çox məmnunuq ki, bu istiqamətdə görülən işlər müsbət nəticə verməkdədir. Abşeron Milli Parkı COP29 ərəfəsində xarici turistlərin üz tutduğu məkanlardan biri oldu. Ümumilikdə əvvəlki illərlə müqayisədə mili parka gələn xarici turistlərin sayında əhəmiyyətli irəliləyiş var. Lakin yerli turistlərin sayında daha çox artım qeydə alınıb. Bu da ondan irəli gəlir ki, Azərbaycan əhalisi ekoloji cəhətdən daha çox maariflənib, ekoloji turizmə maraq artıb”.
E.İbrahimov milli park ərazisində rast gəlinən nadir növlərdən danışaraq bildirib ki, belə flora növlərindən olan Bakı cuzğunu cəmi bir koldur. Hazırda onun sayının artırılması istiqamətində işlər görülür.