Bakıda küçədən F1 əl qumbarası aşkarlanıb

8 Fevral 2025 10:57 (UTC+04:00)

Bakıda əl qumbarası aşkarlanıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.