İtaliya ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə tətbiq etdiyi sanksiyalara qarşı çıxmayıb

8 Fevral 2025 04:10 (UTC+04:00)

İtaliya ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) tətbiq etdiyi sanksiyalara qarşı qəbul olunan birgə bəyannaməyə qoşulmayıb. SİA xəbər verir ki, BMT-yə üzv 79 dövlət ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə tətbiq etdiyi sanksiyalara qarşı birgə bəyannamə imzalayıb. İtaliyadan başqa, Avropa İttifaqına üzv ölkələrin demək olar ki, hamısı bəyannaməni imzalayıblar. Bəyannamədə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə tətbiq etdiyi sanksiyaların cəzasızlıq riskini artırdığı bildirilir.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen sosial şəbəkə hesabındakı paylaşımda qeyd edib: “ICC beynəlxalq cinayətlərə görə məsuliyyətə zəmanət verir. Avropa həmişə ədalətin və beynəlxalq hüquqa hörmətin tərəfdarı olacaq”.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta isə sosial şəbəkədə yazıb: “ICC-yə sanksiya tətbiq etmək məhkəmənin müstəqilliyini təhdid edir və bütövlükdə beynəlxalq cinayət ədalət sistemini sarsıdır”.

Birgə bəyannamə təşəbbüsü 5 ölkədən ibarət qrup - Sloveniya, Lüksemburq, Meksika, Syerra-Leone və Vanuatu tərəfindən irəli sürülüb. Bəyanat BMT-nin ABŞ-ın ICC-yə qarşı sanksiyaları ləğv etməyə çağırmasından sonra qəbul olunub.