ABŞ Prezidenti Donald Tramp and içdikdən bir neçə gün sonra ölkəsinin xarici yardımları dayandırmasına dair qərar qəbul etdi. Bu qərar təbii ki, ən çox USAID-də təsir göstərirdi. Artıq bir neçə gündür Tramp administrasiyasının rəsmiləri tərəfindən USAID-in Demokratlar Partiyasının maraqları naminə fəaliyyət həyata keçirməsinə dair iradlar səsələndirilir.
Tramp administrasiyası müstəqil agentlik kimi fəaliyyət göstərən USAID-i bağlayacağını və federal bürokratiyaya qarşı daha geniş mübarizə aparmaq məqsədilə onu Dövlət Departamentinin tabeliyinə keçirəcəyini bildirdikdən sonra təşkilat siyasi müzakirələrin mərkəzinə çevrilib.
Amerikalı milyarder İlon Maska həvalə olunan Dövlət İdarəçiliyin Səmərəliliyi Departamenti dövlət xərclərinin trilyon dollarlarla azaldılması istiqamətində işlərə başlayıb. USAID isə onun əsas hədəflərindən biridir. O, USAID-i cinayətkar təşkilat adlandırıb, xarici yardımlarını “çirkli pulların yuyulması” ilə müqayisə edib və qurumun işçilərini “radikal sol qlobalistlərin aləti” adlandırıb. İllərdir bu fikirləri müdafiə edən isə təkcə İlon Mask deyil.
Uzun müddətdir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı fəaliyyətinə dair əsaslı iradlar səsləndirilirdi. Bu qərəzli fəaliyyət təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində həyata keçirilir. Əsas iradlar ondan ibarətdir ki, USAID ölkələrin daxili işlərinə qarışır və özünü yarım təşkilatından daha çox kəşfiyyat təşkilatı kimi aparır. Başqa ölkələrin işləri ilə məşğul olan USAID-nin başının üstünü indi öz ölkəsində qara buludlar alıb.
Azərbaycan tərəfi dəfələrlə USAID-i region ölkələrinə münasibətdə qərəzli mövqe sərgiləməkdə ittiham edib, ölkəmizdə bu təşkilata ehtiyac olmadığına dair fikirlər səsləndirilib. Vaşinqtonda fəaliyyət göstərən “Hudson” İnstitutunun aparıcı eksperti Mayk Doranın sözlərinə görə, görünür ki, Donald Tramp və İlon Mask da Azərbaycan eyni fikirləri müdafiə edir. Onun sözlərinə görə, Donald Tramp və İlon Mask həllinə ehtiyac duyulan real problemlərin olduğunu qəbul edirlər. “USAID Amerikanın xarici siyasətinin bir qolu olmaqdan çıxıb və qlobal proqressiv hərəkatın alətinə çevrilib. Hesab edirəm ki, bu təşkilat həqiqətən də bir çox ölkələrin, o cümlədən öz ölkəmizin daxili siyasətinə çox açıq şəkildə müdaxilə edir”, - deyə ekspert vurğulayıb.
USAID-lə bağlı baş verənlər Demokratlar Partiyasının təmsilçilərini güclü şəkildə hiddətləndirib. Konqresin bu partiyadan olan təmsilçiləri Donald Trampın agentliyi bağlamağa səlahiyyətlərinin çatmadığını bildirirlər. Mayk Doranın fikrincə, bu məsələ ətrafında böyük mübarizənin gedəcəyi gözlənilir. “USAID qanunla yaradılmış bir təşkilatdır. Deməli, bunu yalnız prezidentin imzası ilə aradan qaldırmaq mümkün olmayacaq. Beləliklə, böyük mübarizə gedəcək. Bunun necə nəticələnəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Amma hesab edirəm ki, örtük götürülüb və biz hamımız indi USAID-i görürük. Bilirik ki, ən azından onun həqiqətən də islahatlara ehtiyacı var”, - deyə o qeyd edib.
ABŞ-ın sabiq Prezidenti Con Kennedi USAID-i 1961-ci ildə “soyuq müharibə” dövründə yaratmışdı. 60 ildən çoxdur missiyasında ciddi təhriflər edən bu təşkilatın fəaliyyəti və maliyyələşmə proqramları ABŞ-da iki əsas partiyanın əsas konfrontasiya mövzularından biridir. Hazırda təşkilatın çoxlu sayda vəzifəli şəxsi məzuniyyətə göndərilib, müqavilələr dayandırılıb, əməkdaşlara Vaşinqtondakı mənzil-qərargahda işə çıxmamaları ilə bağlı bildiriş göndərilib. Həmçinin təşkilatın saytı və sosial şəbəkə hesabları bağlanıb.
Agentliyin administratoru vəzifəsini hazırda ABŞ Dövlət Katibi Marko Rubio icra edir. Donald Trampın agentliyi Dövlət Departamentinin tabeliyinə keçirmək istiqamətində mübarizəsinin nəticəsini məhz bu iki partiyanın Konqresdəki müzakirələri və səsvermələri müəyyən edəcək.