Braziliyanın şimal-şərqində leysan yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 7 nəfər həyatını itirib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Mülki Müdafiə İdarəsindən verilən məlumata görə, ölkənin şimal-şərqindəki Pernambuko əyalətinin Resife şəhərində leysan yağışları daşqın və torpaq sürüşmələrinə səbəb olub. İlkin məlumatlara əsasən, Resifedə 7 nəfər həyatını itirib.
Resife valisi Coao Kampos CNN Brazil telekanalına verdiyi açıqlamada şəhərin bir neçə yerində məktəblərin fəaliyyətinin dayandırıldığını, 90 ailənin isə riskli ərazilərdən təxliyə edildiyini bildirib. Kampos fevral ayının ən güclü yağışı ilə mübarizə apardıqlarını və yüksək hazırlıq vəziyyətində olduqlarını qeyd edib.
Milli Meteorologiya İnstitutu (Inmet) və Pernambuco Su və İqlim Agentliyi (Apac) yağışların bir müddət davam edəcəyini bildirərək, əhaliyə diqqətli olmaları barədə xəbərdarlıq edib.