Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

7 Fevral 2025 16:34 (UTC+04:00)

Biləsuvar rayonunda Azərbaycanın şəhid Milli Qəhrəmanı Mübariz İbrahimovun anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, doğum günündə qəhrəmanın ailəsi və ev muzeyi ziyarət olunub.

Ziyarətdə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, müəllimlər, şagirdlər iştirak edib.

Mərasimdə M.İbrahimovun torpaqların müdafiəsi zamanı göstərdiyi şücaətlə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdiyi vurğulanıb.

Bildirilib ki, Mübariz qısa ömür yaşasa da canını vətən yolunda fəda etməsi ilə özündən sonra böyük bir igidlik, mübarizlik nümunəsi qoyub.

Qeyd edək ki, Prezident İlham Əliyev 2010-cu il iyulun 22-də Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb.