Meyitlərin yandırılması məsələsi doğrudur? - RƏYLƏR

7 Fevral 2025 16:28 (UTC+04:00)

“Bizim inanc, düşüncəmiz, islam ənənələrimizə görə meyitlər yandırıla bilməz, amma nəzər alsaq ki, Azərbaycan müsəlman və dünyəvi ölkədir. Biz dünyəvi dövlətik, bizim ölkəmizdə müxtəlif xalqların, dinlərin, millətlərin nümayəndələri yaşayır və onların da hüquq və azadlıqlarının təmin olunması üçün belə bir hüquqi prosedur yaradılır. Yəni bunun bir hüquqi əsası, zəmini qoyulur ki, gələcəkdə bu istiqamətdə hansısa suallar yaranmasın. Çünki bu olmadığı təqdirdə gələcəkdə bununla bağlı bizim üçündə hansısa problemlər yarana bilər, o problemlərin də yaranmaması üçün Azərbaycan öz mövqeyini, yanaşmasını ortaya qoyub. Düşünürəm ki, bu düzgün, sağlam bir yanaşmadır, burada hansısa bir problem yoxdur, sadəcə bu qeyri-müsəlmanlara və öz cəsədlərinin basdırılmasını yox yandırılmasını istəyənlərə aiddir”. Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Həmçinin məsələ ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli öz fikirlərini bildirib. Onun sözlərinə görə, son günlərdə bu məsələ ilə bağlı Milli Məclisdə müzakirələr aparılır, müxtəlif təkliflər irəli sürülür, eyni zamanda din xadimləri arasında da bu məsələyə fərqli yanaşma mövcuddur: “Biz bir müsəlman olaraq digər inancların etiqatlarında daşıyıcılarına təbii ki, öz tolerant düşüncəmizlə yanaşırıq, xoşgörü fikirlərimizlə münasibət bildiririk. Ancaq elə məsələlər var ki, artıq orada xoşgörü fikirlə yanaşmaq limitləri tükədir. Bu məsələlərdən biri də təbii ki, meyitlərin yandırılması məsələsidir”.

İlahiyyatçı qeyd edib ki, biz meyitlərin yandırılmasını dini aspektdən dəyərləndirən zaman görürük ki, islama görə meyit yandırma anlayışı yoxdur, dünyadan köçən insan çox gözəl şəkildə yuyulub, qüsullanır: “Çünki, insan torpaqdan yaranıb, torpağa da əmanət verilir. İnsan bədəni Allahdan bizə verilən əmanətdir, onu 70-80 il ərzində bu dünyada istifadə edib, yenidən torpağa həvalə edirik. Amma meyitləri yandırma məsələsi bizim etiqatlarımıza və inanclarımıza tərs düşən məsələdir. Çünki, cəhənnəmdə Allah insanları odda yandırar, bu da kafirlərin, dini sonuna qədər inkar edən, rəbbin süfrəsini tərk edənlərin son aqibətidir. Amma oradakı yandırmaq belə bizim başa düşdüyümüz yandırmaq deyil, insanların günahlarının cəzasıdır.

Ümid edirəm ki, ölkəmizdə belə bir yerlərin açılmasına heç ehtiyacda qalmasın, həm də buna böyük bir zərurətdə yoxdur. Elə bir yerin açılması üçün kifayət qədər pul israf olunacaq, həmçinin orada o vücudu yandırıb yox etmək üçün kifayət qədər enerjiyə ehtiyac olacaq. Bununla yanaşı meyit yandırmaq ekosistemi kifayət qədər pozacaq, havanın çirklənməsinə səbəb olacaq. Tərbiyə baxımdan isə insanlarımıza hörmətsizliyi tətikləmiş oluruq. Fikrimcə, belə bir yerin açılması məsələsi müzakirədə qalsa yaxşı olar”.