Gələcəyimizin təminatçısı uşaqlar və gənclərdir. Ona görə də uşaqların, gənclərin fiziki və mənəvi inkişafı ən aktual məsələlərdən sayılır. “Gənclər bizim gələcəyimizdir”, kəlamı ilə bu reallığı, bu həqiqəti daha aydın şəkildə ifadə edən Ümummilli Lider Heydər Əliyev gənclər siyasətinə hər zaman böyük önəm verib və sevindirici haldır ki, Ulu Öndərin ənənələri bu gün də uğurla davam etdirilir. Ümumiyyətlə, Azərbaycan öz müstəqilliyini bərpa etdiyi zamandan etibarən gənclər siyasətinə, uşaq və gənclərin fiziki, eləcə də mənəvi inkişafına xüsusi diqqət var.
Ölkəmizdə uşaq və gənclərin istər fiziki, istərsə də mənəvi baxımdan inkişafı üçün bütün lazımlı tədbirlər görülməkdədir. Ələlxüsus da, uşaq və gənclərin fiziki və mənəvi inkişafı məqsədi ilə ardıcıl şəkildə dövlət proqramlarının reallaşdırılması, həyata keçirilməsi istiqamətində Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamlar imzalaması ayrılan xüsusi diqqətin bariz nümunəsi və təsdiqidir. Həmin sərəncamlar da öz növbəsində məhz ölkəmizdə uşaq və gənclərin fiziki, eləcə də mənəvi inkişafına hesablanıb. Gənclərlə bağlı 2005-2009-cu illəri əhatə edən Dövlət Proqramı, 2007-ci ilin "Gənclər ili" elan edilməsi, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi" barədə ölkə rəhbərinin imzaladığı Sərəncam qeyd olunanları, xüsusilə də dövlət qayğısını bir daha sübut edir.
Sözsüz ki, dövlətimizin, dövlət başçımızın göstərdiyi qayğı öz nəticələrini, öz bəhrəsini verməkdədir. Azərbaycan gənclərinin məhz dünyanın müxtəlif ölkələrində sayılb-seçilən, nüfuzlu universitetlərində təhsil alması, təhsilini layiqincə başa vurduqdan sonra yararlı, daha peşəkar mütəxəssis olaraq ölkəyə geri dönməsi uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün göstərilən qayğının bəhrəsi olaraq qiymətləndilir. Çünki hər bir gənc, xüsusilə də dövlətimiz tərəfindən yaradılan şəraitdən istifadə edərək, dünyanın ən nüfuzlu ölkələrində təhsil alan, elmlərə, peşələrə sahib olan, ən peşəkar mütəxəssis olaraq yetişən, vətənizim Azərbaycana geri döndükdə öz təcrübəsindən istifadə edərkən dövlətimizin diqqətini də, qayğısını da öz üzərində daha yaxşı hiss etmiş olur.
Gənclərimizin fikizi baxımdan inkişafına əminliyimiz kifayət qədərdir. Bu da əlbəttə ki, heç də təsadüfi və əbəs yerə deyil. Əvvəla, diqqətə çatdıraq ki, bizim gənclərimiz dünya miqyaslı bir çox idman yarışlarında yaxından iştirak edir, ardıcıl olaraq həmin yarışların qalibləri olurlar. Dünya miqyaslı yarışların qalibi olan və bayrağımızı ucalara qaldıran gənclər bizim fəxrimizdir. Qələbələrinə, uğurlarına, seçildiyinə görə fərqlənən gənclərlə bütün Azərbaycan xalqı, ölkəmiz fəxr etdiyi kimi, onlar da dövlətimizin göstərdiyi qayğı sayəsində nailiyyətlər qazandırlarının fərqindədirlər və bu baxımdan da həmin diqqət və qayğını yüksək qiymətləndirirlər.
Həqiqətən də bizə, ölkəmizə fiziki baxından güclü gənclər hər zaman lazımdır. Xüsusən də mənfur qonşularımızın olması, hələ də onların ölkəmizə, xalqımıza qarşı ərazi iddiası ilə çıxış etmələri, dəyərlərimizə sahib çıxmaq istəkləri fonunda gənclərimizin fiziki baxımdan daha inkişaf etmiş olmaları ən aktual məsələlərdəndir. Bəli, gənclərimiz həqiqətən də fiziki baxımdan çox inkişaf ediblər, öz fiziki üstünlükləri ilə seçilirlər. Xüsusən də mənfur düşmənlərimiz onların fiziki baxımdan üstün olduqlarını 44 günlük müharibə zamanı nəinki gördülər, hətta bunu etiraf da etdilər. Etiraf etdilər ki, azərbaycanlılar, Azərbaycan gəncləri döyüş meydanında məğlubedilməzdirlər. Erməni silahlıları arasında döyüşlərdə iştirak edən və sağ qalanlar həmin döyüş səhnələrini təsvir etdikləri zaman bizim gənclərimizin necə şücaət göstərdiklərini etiraf da edirlər. Xüsusən də, Şüşa şəhərinin işğaldan azad edilməsi zamanı düşmənlə üz-üzə gələn və silahsız olaraq belə döyüşə atılan gənclərimizin hansı fiziki imkanlara sahib olduqlarını yaralı eməni hərbçilərinin daşındığı hərbi hospitaldakı erməni həkimləri daha yaxşı bilirlər. Çünki onlar əsgərlərimizin yalın əllə düşməni necə diz çökdürdüklərini, məğlub etdiklərini yaralı erməni əsgərlərini gördükləri zaman başa düşmüşdülər və fiziki baxımdan gənclərimizin necə üstün olduqlarının fərqində olublar. Xüsusən də rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi şücaət, cəsurluq gənclərimizin fiziki baxımdan yüksək səviyyədə və hazırlıqlı olduğunun təsdiqidir. Bu isə onu deməyə əsas verir ki, fiziki baxımdan sağlam, inkişaf etmiş gəncləri olan ölkə basılmazdır və hər zaman qalib olmalıdır.
Sözsüz ki, uşaq və gənclərimizin fiziki baxımdan inkişafı ilə yanaşı onların mənəvi inkişafı da olduqca önəmlidir. Çünki mənəvi cəhətdən inkişaf etmiş gənlik vətənin, torpağın hər qarışının keşiyində duran və xalqımıza məxsus olan bütün dəyərlərə, ələlxüsus da mənəvi dəyərlərə sahib çıxan gənclikdir. Biz ölkəmizdə belə bir gəncliyin, mənəvi baxımdan inkişaf etmiş, yetişmin gəncliyin də olduğunun məhz 44 günlük müharibə zamanı şahidi olduq. Təkcə şahidi yox, həm də əmin olduq ki, vətənimiz etibarlı əllərdədir. Əmin olduq ki, dövlətimizin uşaq və gənclərin həm də mənəvi baxımdan yetişməsi üçün göstərdiyi diqqət və qayğı öz bəhrəsini verməkdədir.
Sözsüz ki, uşaq və gənclərin mənəvi baxımdan yüksək səviyyədə yetişməsi və inkişaf etməsi ilk növbədə ailədən başlayır. Ailədə uşaqların hələ körpə yaşlarından başlayaraq mənəvi cəhətdən yetişməsinə və inkişaf etməsinə xüsusi diqqət olmalıdır və sevindiricihaldır ki, Azərbaycan ailələrə bu məsələyə kifayət qədər həssas yanaşır. İlk növbədə ona görə ki, Azərbaycan ailələri üçün mənəvi dəyərlər hər şeydən yüksəkdə dayanır. Hər bir valideyin öz övladlarının yüksək mənəvi ruhda tərbiyə alması üçün çalışır və bu rühda da tırbiyə verir.
Eyni zamanda, uşaq və gənclərimizin mənəvi ruhda tərbiyə almasında, mənəvi baxımdan inkişaf etməsində uşaq bağçalarının, orta məktəblərin, ali məktəblərin, ümumiyyətlə bütün təlim-tərbiyə ocaqlarının rolu da danılmazdır. Azərbaycan gənclərinin yüksək səviyyədə mənəvi tərbiyə alması üçün pedaqoqlarımızın üzərinə böyük məsuliyyət düşür. Bütün təlim-tərbiyə və təhsil müəssisələrində çalışan və bu məsuliyyəti dərindən dərk edən müəllimlər uşaq və gənclərin mənəvi cəhətdən də layiqli vətəndaş olaraq yetişməsinə xüsusi diqqət ayırırlar.
Azərbaycan gəncliyi artıq dünyada sözünü demiş bir gənclikdir və mənəvi baxımdan inkişaf etmiş bu gənclik öz Ali Baş Komandanının ətrafında sıx birləşib. Ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafına göstərilən diqqət onu deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyinin qorunmasında, haqq səsinin dünyaya çatıdırılmasında gənclərimiz, ölkə Prezidentinin ətrafında həmişə olduğu kimi, bundan sonra da, gələcəkdə də sıx birləşəcək və buna əminliyimiz kifayət qədərdir. Bu əminliyimiz isə, təbii ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafının hər zaman diqqət mərkəzində, eləcə də etibarlı əllərdə olmasına görədir. Çünki həm dövlətimiz tərəfindən xalqımızın milli-mənəvi dəyərlərinə əsaslanan gənclər siyasəti uğurla davam etdirilir, həm də uşaq və gənclərin layiqli vətəndaş kimi böyüməsi, təhsil alması, cəmiyyətdə mövqe tutması üçün Azərbaycan dövləti bütün imkan və şəraiti yaradıb. Bu da ona görədir ki, uşaq və gənclərin fiziki, eləcə də mənəvi inkişafına xüsusi diqqət var...
Müəllif: İnam Hacıyev
6.3.19. “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.