Azərbaycanda elektrik şəbəkəyə qoşulma müddəti 20 günə endirilib

7 Fevral 2025 16:02 (UTC+04:00)

“Azərişıq” ASC “ASAN Xidmət” mərkəzlərində göstərilən xidmətlərin sayını artırıb. Son səkkiz il ərzində “Azərişıq” ASC-nin ASAN Xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlərin sayı 8-dən 18-ə yüksəlib. SİA xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş və Elektron Xidmətlər Departamentinin direktor müavini İnam Yusifov Zəngilanda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, vətəndaşlara təqdim olunan xidmətlərin sadələşdirilməsi və əlçatanlığının artırılması istiqamətində görülən işlər uğurlu nəticələr verib: “Əvvəllər müraciətlər 7 prosedurdan ibarət idisə, bu gün proses cəmi 2 prosedurla yekunlaşır. Bunun sayəsində şəbəkəyə qoşulma müddəti 41gündən 20 günə endirilib”.

İ.Yusifov əlavə edib ki, hazırda “Azərişıq” ASC 15elektron xidmət təqdim edir və vətəndaşlar bu xidmətlərdən onlayn şəkildə faydalana bilirlər.

“Ötən il sahibkarlıq subyektlərinin 53,4 %-i müraciətlərini elektron qaydada həyata keçirib”, - deyə o vurğulayıb.