Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahatların nailiyyətləri ötən il daha 117 beynəlxalq mükafata və sertifikata layiq görülüb. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu nailiyyətlərdən DOST konsepsiyası, sosial xidmətlərin elektronlaşdırılması və proaktiv xidmətlərin yaradılması, “e-sosial” internet portalı, “Əmək və Məşğulluq” altsistemi və digər uğurlar beynəlxalq müsabiqələrdə mütəmadi olaraq qaliblər sırasında yer alıb.
Mötəbər beynəlxalq təşkilatlardan olan, 160-dan çox ölkənin 320-dən çox sosial təminat qurumunu birləşdirən Beynəlxalq Sosial Təminat Assosiasiyası isə təkcə son bir ildə nazirliyin qurumlarını 12 mükafatla təltif edib.
Eyni zamanda, ötən il DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin “European Social Services Awards – 2024” müsabiqəsində uğur qazanaraq növbəti dəfə Avropa Sosial Xidmətlər Mükafatına layiq görülüb.
Ümumilikdə 2024-cü ildə DOST konsepsiyası və rəqəmsal sosial layihələrə görə 38, Dövlət Sosial Müdafiə Fondu üzrə 30, Dövlət Əmək Müfəttişliyi Xidməti üzrə 21, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üzrə 10, Dövlət Məşğulluq Agentliyi üzrə 10 beynəlxalq mükafat və sertifikat əldə olunub.
Özünüməşğulluq proqramının genişləndirilməsində önəmli dəstək olan “Məşğulluğa Dəstək Layihəsi” isə Dünya Bankının yüksək mükafatı ilə təltif edilib.
Eləcə də Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya və Sosial Xidmətlər Agentliyinə ötən il daha 8 beynəlxalq ISO sertifikatı təqdim olunub.
Dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsində isə nazirlik 2024-cü ildə növbəti dəfə 1-ci yeri tutub.