“11 həftədən sonra ana bətnindəki körpənin cinsiyyəti artıq fərqlənməyə başlayır”. Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.
Onun sözlərinə görə, işində mütəxəssis olan ultrasəs həkimləri artıq 11 həftə tamam olub 12-ci həftəyə keçəndə görə bilirlər: “Amma tam dəqiq olması üçün 12 həftənin tamamını gözləmək lazımdır. Bəzən də dölün yerləşməsindən asılı olaraq cinsiyyəti heç bir halda görmək olmur”.
Ləman Əliyeva sözlərinə belə davam edib: “Cinsiyyəti öncədən göstərən, yəni 100 faiz isbat edən genetik analizlər var. Məsələn, NIPT testi var ki, ən tez 8-ci həftədə oluna bilir. Bu testlə genetik xəstəliklərlə yanaşı, xromosomlara baxılıb dölün oğlan və yaxud qız olduğu bilinir. Bu test maliyyə cəhətdən baha olduğu üçün hər kəs edə bilmir. Amma çox istəyən pasientlər bunu edir. Fərziyyələrin isə elmi şəkildə heç bir izahı ola bilməz. Yediyimiz yeməklərin cinsiyyətə heç bir aidiyyatı yoxdur. Qismət nəticəsində hansı olarsa, olar. X ilə X xromosomu birləşərsə qadın, X ilə Y birləşərsə kişi olar”.
Ayşən Vəli