Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsinin layihəsi hazırlanıb. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, qurum mikro və kiçik sahibkarlıq subyektləri üçün kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklərə həsr edilmiş onlayn görüş keçirib. Görüşdə sahibkarlar, biznes subyektlərinin nümayəndələri və yerli şirkətlərin rəhbərləri iştirak ediblər.
Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə "Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı, bu sahədə aparılan islahatlar" mövzusunda təqdimat edib. O, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən, qurumun rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupu tərəfindən biznesin qeydiyyatının daha da təkmilləşdirilməsi istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib.
“Biznesə daxilolma” işçi qrupunun təşəbbüsü ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda, Əmək, Mülki və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edildiyi görüş iştirakçılarının diqqətinə çatdırılıb. Yenilənmiş qanunvericiliyə əsasən, yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilib. Yenilik ölkədə xarici subyektlər üçün elektron qeydiyyat xidmətini tamamilə əlçatan etməklə biznesə başlama prosesini asanlaşdırıb. Bu sahədə həyata keçirilmiş islahatlar çərçivəsində kommersiya hüquqi şəxsin onlayn qeydiyyatı zamanı “SİMA” rəqəmsal imza tətbiq olunub, qeydiyyat prosesində sanksiya tətbiq edilməli olan şəxslərin nəzərə alınması və kommersiya hüquqi şəxsin rəhbərinin səlahiyyət müddəti bitdikdə elektron kabinetdən istifadəsinin məhdudlaşdırılması kimi tədbirlər görülüb. Eyni zamanda, rübdə bir dəfə məlumat dəyişikliyinin qeydiyyata alınması üçün müraciətlərin zəruriliyinə dair məlumat xarakterli bildirişin kommersiya qurumlarının elektron kabinetinə göndərilməsi xidməti aktivləşdirilib. Bundan başqa, lisenziya və ya icazə tələb edilən fəaliyyət növləri seçildikdə, kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosesi başa çatdıqdan sonra “Lisenziyalar və icazələr” portalına keçid imkanının yaradılması da təmin olunub.