"Zamanla növbəti psixoloji travma ala bilər" - PSİXOLOQ İZAH ETDİ

7 Fevral 2025 10:13 (UTC+04:00)

"Mütəmadi təkrarlanan, əslində insanı narahat edən hərəkətləri insan özü istəmir, amma sanki bunları etməyə özündə məcburiyyət hiss edir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

O bildirib ki, insan bilir ki, təkrar hərəkətləri etməsə, rahat olmayacaq: "Hərəkətlər kimi düşüncələr də buraya aid ola bilər. Mütəmadi olaraq insan düşünür və bu onu narahat edir. Amma düşünməsə də, narahat olur. Bu, əslində obsessiv kompulsiv pozuntu kimi gedir. Bunun ciddi müalicəsi olur. Bəzən psixiatrik müdaxilə də ola bilər. Dərman müdaxiləsi də olur, çünki bu, bəzən elə hala gəlir ki, insanın gündəlik həyatını, düzənini pozacaq şəkildə bəlli olur.

Təkrar hərəkətlər ətrafında olan insanları belə narahat etməyə başlayır. Kənardan qəribə göründüyü üçün bəzən insanlar ondan ehtiyatlı olur, uzaq gəzməyə başlayırlar. Bu da təbii ki, onun sosiallaşmasına, insanlarla münasibət, ünsiyyət qurmaq kimi problemlərə gətirib çıxarır. İnsanın özünün əsəb, sinir sisteminin pozulması ilə nəticələnir. Çünki belə etdiyinə görə özü də əsəbləşir. Düzdür, bir az öyrəşmiş olsa da, eyni şeyi təkrarlamaq onu yorur. Bu hal insanı həm fiziki yorur, həm mənəvi olaraq əziyyət verir. Ona görə bu cür simptomları özündə görəndə insan mütləq bir psixoloqa, gərək olarsa, psixiatra müraciət etməlidir.

Bəzən insan özü də belə problemləri keçə bilər. Amma bunu artıq müşahidə etmək çətin olur. Zamanla növbəti psixoloji travma ala bilər. Yaxud da, həyat tərzinin fərqli olmasından, dəyişilməsindən, gündəlik həyat tərzinin sürətlənməsindən və sair kimi bilərəkdən və ya bilməyərəkdən olan müdaxilələrdən sonra xəstəliyin bitmə ehtimalı var. Əgər insan özü bunda əziyyət çəkirsə, uzun müddət bundan qurtula bilmirsə, mütləq peşəkarlara müraciət etməlidir".