“Son zamanlar sosial şəbəkələrdə müxtəlif xəstəliklərin müalicəsi üçün məcunlar, bitki qarışıqları və digər "təbii" vasitələrin reklam edilməsi çox yayılıb. İnsanların sağlam həyat tərzinə marağının artması yaxşı haldır, lakin bu cür qeyri-elmi reseptlər bəzən ciddi sağlamlıq riskləri daşıya bilər”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib.
Onun sözlərinə görə, hər orqanizmin fərqli ehtiyacları və reaksiyaları var: “Bir insana faydalı olan bir qarışım başqasına zərər verə bilər. Xüsusilə, bəzi bitkilərin və təbii məhsulların bir-biri ilə qarışdırılması toksik təsir yarada, allergik reaksiyalara səbəb ola və ya orqanizmin funksiyalarına mənfi təsir göstərə bilər. Bundan əlavə, bir çox insan mövcud xəstəliklərini və ya istifadə etdikləri dərmanları nəzərə almadan bu cür vasitələri sınayır, bu da ciddi fəsadlara gətirib çıxara bilər”.
Ceyhunə Yusifova sözlərinə belə davam edib: “Ən önəmlisi odur ki, bu məcunların və ya qarışıqların əksəriyyəti elmi araşdırmalara əsaslanmır. Onların effektivliyi sübut olunmadığı kimi, yan təsirləri də nəzərə alınmır. Hətta bəzi hallarda bu cür vasitələr düzgün istifadə olunmadıqda, orqanizmin təbii balansını poza və sağlamlığa daha çox zərər verə bilər.
Ona görə də, hər hansı bir müalicə və ya təbii vasitə istifadə etməzdən əvvəl mütləq mütəxəssis məsləhəti almaq vacibdir. Sosial mediada paylaşılan məsləhətləri süzgəcdən keçirmək və elmi əsaslara söykənən bilgilərə üstünlük vermək sağlamlığımız üçün ən doğru seçimdir. Sağlamlıq eksperiment yeri deyil!”.
Ayşən Vəli