Güləş üzrə muxtar respublika birinciliyi keçirilib

6 Fevral 2025 19:27 (UTC+04:00)

Naxçıvanda İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmələr arasında (2010-2012) "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib.

SİA-nın məlumatına görə, Naxçıvan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ölkə birinciliyinə seçim xarakteri daşıyan yarışa şəhər və muxtar respublikanın bölgələrindən ümumilikdə 81 idmançı qatılıb.

Nazirliyinin Azərbaycan Güləş Federasiyası (AGF) ilə birgə təşkil etdiyi birincilikdə 10 çəki dərəcəsində medalçılar müəyyənləşib. İlk üç yerin sahibinə diplom və medallar təqdim olunub.

Yarışda ədalətli idarəçiliyin təmin olunması məqsədilə AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev iştirak edib. Beynəlxalq dərəcəli hakim Əli Babayev yarışın hakimlərindən biri kimi təmsil olunub.

Nəticələrə gəlincə, müvafiq çəki dərəcələrində Hüseyn Əliyev (85 kiloqram), Üzeyir Məmmədli (75 kiloqram), Mətin Cabbarlı (68 kiloqram), Polad Əhmədov (62 kiloqram), Eltun Abuzərli (57 kiloqram), Ramal Rüstəmov (52 kiloqram), Tural Mirzəyev (48 kiloqram), Məcnun Abbasov (44 kiloqram), Əsəd Abidinov (41 kiloqram) və Elşad Əliyev (38 kiloqram) birinci olublar.