“Coca-Cola” şirkəti bu il Azərbaycanda 30 illik yubileyini qeyd etməyə hazırlaşır.
SİA-nın məlumatına görə, bu barədə “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova bildirib. O deyib ki, “Coca-Cola” 2025-ci ildə 30 illiyini qeyd edəcək.
Belə ki, 1994-cü ildən etibarən ölkədə fəaliyyət göstərən “Coca-Cola” Azərbaycanın qeyri-neft sektorunun ilk və ən böyük investorlarından biridir.
O deyib ki, “Coca-Cola” məhsullarını 200-dən çox ölkədə satan qlobal içki şirkətidir və məqsədi dünya istehlakçılarını təravətləndirmək, fərqlilik yaratmaqdır:
“Coca-Cola” şirkəti olaraq 30 il ərzində yalnız keyfiyyətli məhsullar istehsal etməklə kifayətlənməyib, həm də Azərbaycan iqtisadiyyatına və sosial, ekoloji sahələrə töhfə verməklə işgüzar əlaqələr qurduq. Azərbaycanda “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuluq. Azərbaycanın zəngin mədəniyyəti və irsindən ilham alaraq gələcəkdə də bu əlaqələri daha da möhkəmləndirmək üçün çalışmağa davam edəcəyik”, - deyə R.Məmmədova əlavə edib.
Hazırda 400-dən çox işçisi olan “Coca-Cola Azərbaycan” təchizat zənciri vasitəsilə 5000-dən çox iş yerini dəstəkləyir. Bununla yanaşı, şirkət tullantıların azaldılması, su ehtiyatının qorunması, qadınların və gənclərin iqtisadi imkanlarının artırılması məqsədi ilə icma layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.
Qeyd edək ki, şirkətin inkişaf planı çərçivəsində 2025-ci ildə “Coca-Cola”nın Azərbaycanda 2-ci istehsal müəssisəsinin açılması planlaşdırılır.