Reallığı dilə gətirmək, nə zamandan qəbahət hesab olunub?
Baş verən istənilən ictimai, siyasi, elmi, mədəni hadisə ilk baxışdan abırlı, həyalı, eləcə də yüksək intellektə, bilik və bacarığa malik insan kimi görünən şəxsin daxili aləmini tam şəkildə üzə çıxarmış olur. Məlum olur ki, həmin şəxs qüsurludur və çatışmazlıqları mövcuddur. Əslində hər bir insan, xüsusilə də siyasət adamı səbirli olmalı, söylənilən fikriləri, irəli sürülən ideya və təklifləri dinləmək qabiliyyəti olmalıdır. Təəssüf ki, bəzən özlərini siyasətçi kimi təqdim edən şəxslər bu kimi vacib şərtlərə əməl etmirlər. Son günlər Milli Məclisdə komitə sədri Siyavuş Novruzovun İmişlidə baş verən yol-nəqliyyat hadisəsindən sonra baş verən xoşagəlməz hadisə ilə bağlı obyektiv, əsaslı və ədalətli çıxışının deputat Razi Nurullayev tərəfindən düzgün başa düşülməməsi, əksinə, qəzəblə qarşılanması və yersiz açıqlamalar, fikirlər bildirməsi, sosial şəbəkələrdə ironiya ilə qarşılanan statuslar paylaşması onun ciddi qüsurlara malik deputat olduğunu göstərir. Birincisi, ona görə ki, Milli Məclisdə aparılan müzakirələri, fikir və rəyləri xoşlamasan belə, susmaq daha faydalı olar. İkincisi, qəbul etmədiyin mövqeyi qarışqadan fil düzəltmək üçün məqam axtaran jurnalistlərə çatdırmaq üçün hərəkətə keçmək deputata başucalığı gətirə bilməz. Üçüncüsü, əgər hansısa deputatın, o cümlədən Siyavuş Novruzovun fikirləri səni narahat edibsə, o zaman elə ona cavabı parlamentdə vermək olardı. Dördüncüsü, Siyavuş Novruzov haqqı deyib, ədalətli mövqe sərgiləyib. Bildirib ki, İmişlidə hadisə baş verən zaman rayon icra hakimiyyətinin başçısı və polis rəisi dərhal hadisə yerində olmalı idi. Əgər insanlarla təmas qurmaq istəmirlərsə, o zaman ərizələrini yazıb işdən getsinlər. Və nəhayət beşincisi, Razi Nurullayev reallığı dilə gətirmək, nə zamandan qəbahət hesab olunub?
Söz yox ki, bu əsaslı suallara R.Nurullayev cavab vermək imkanına malik deyil. Çünki onun özü də bu məsələdə məsuliyyət daşıyır. Çünki onun bilavasitə borcu idi ki, hadisənin baş verdiyi yerə gedib, insanlarla söhbət etsin. R.Nurullayev isə ona səs verib deputat statusu qazandıran insanların ayağına getməyi özünə qəbahət hesab edib. Bu isə dikbaşlıq və özünə vurğunluqdur, həm də "deputatın statusu haqqında" qanunun tələblərinə ziddir. Bu azmış kimi R.Nurullayev hay-küy qaldırmaqla kifayətlənməyib, müəyyən məsələlərdə ortaq olması şübhələrini yaradan icra hakimiyyətinin başçısını və polis rəisini uğursuz müdafiə etməyə cəhd göstərir.
Söz yox Azərbaycanın hər bir bölgəsi, o cümlədən də İmişli əhalisi dövlətə, dövlətçiliyə bağlı insanlardı. Onlar ölkədə sabitliyin, ictimai təhlükəsizliyin tərəfdarıdırlar və daim bunun möhkəmlənməsinə töhfələr verirlər. Gözlənilmədən baş verən yol-nəqliyyat hadisəsi zaman övladlarını itirən valideynlər və onların yaxınları əsəblərini cilovlaya, hisslərinə hakim kəsilə bilməyiblər, emosiyalara qapılaraq polis maşınını aşırıb, asayişin pozulmasına xidmət edən hərəkətlərə yol veriblər. Bu halda yaxşı olardı ki, icra hakimiyyətinin başçısı, deputat və rayonun hüquq -mühafizə orqanlarının rəhbərləri hadisə yerində olmalı və insanlarla maarifləndirici söhbətlər aparmalı idilər. Əminliklə demək olar ki, əgər Siyavuş Novruzovun da qeyd etdiyi kimi, polis və icra hakimiyyətinin başçısı hadisə yerində olsa idilər, məsələ dərhal öz həllinə tapar və insanlar öz evlərinə dağılışardılar. Təbii ki, belə olsa idi, asayişi pozduqlarına görə həbs edilənlər də olmazdı.
Bu yerdə Sədi Şirazinin bir aforizmi yada düşür: "Ağıldan kəmliyi iki şey müəyyən edir: susmaq lazım gələndə danışmaq, danışmaq lazım olanda susmaq". Söz yox ki, R.Nurullayev ağıllıdır, dərin elmi bilgiləri və savadı mövcuddur. Əgər belə olması idi, dağıdıcı müxalifətin ən qatı ünsürlərindən olan AXCP sədri Əli Kərimlinin yanından ayrılıb, özünə təzə partiya yaradıb, sonra da deputat kreslosuna yiyələnə bilməzdi. Bu fərasətinə görə ona "molodes" düşür. Sadəcə yuxarıda qeyd etdiyim kimi, siyasi cəhətdən naşı, dözümlülük baxımdan qüsurludur. Onun mövcud qüsurlarını, çatışmazlıqlarını aradan qaldırmaq üçün öz üzərində işləyəcəyi şübhəsizdir. Daha doğrusu, proseslərin inkişafı göstərir ki, R.Nurullayev S.Novruzovun əsaslı tənbehindən və qınağından nəticə çıxarıb. Onun İmişli hadisəsi zamanı zərər çəkən insanlarla görüşməsi, xəsarət alan xəstələri ziyarət etmək üçün xəstələrə baş çəkməsi və həbs edilən şəxslərin azadlığa çıxması üçün hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirməsi, qeyd olunanlara misal ola bilər. Lakin bu məqamda belə R.Nullayev ciddi səhvlər yol verməklə, bir növ özünü yandırır. Baş çəkdiyi insanlarla şəkillərini çəkdirib, sosial şəbəkələrdə geniş formada yayır. Halbuki, bu kimi ziyarət etmələr onun işi və deputat olaraq vəzifəsidir. Haqlı olaraq da sosial şəbəkə istifadəçiləri, onu ziyarət etdiyi insanlarla şəkillərini çəkdirib, sosial şəbəkələrdə paylaşmasına görə qınayırlar. Məsələn, İdris Əhmədov adlı sosial şəbəkə istifadəçisi Razi Nurullayev haqqında yazır: "Ucuz reklamdan əl çəkin. Özünüzü güldürməyin. Sizin işiniz özünüzü çəkib internetdə paylaşmaq yox, Milli Məclisdə xalqın xeyrinə qərarlar qəbul edilməsinə nail olmasına çalışmalısız". Digər sosial şəbəkə istifadəçisi Dəniz Quluzadə isə şərh bölümündə yazır: "Mehman Hüseynov sizin villa haqqında paylaşım etmişdi vaxtilə, düzdü? Maşallah kasıb müxalif partiyanın sədr və üzvlərinin belə villası olmağını bilmirdim".
Sonda onu vurğulamağı vacib hesab edirəm ki, amalımız heç də Siyavuş Novruzovu müdafiə etmək deyil. Zatən onun bizim kimi imkanları aşağı olan jurnalistin dəstəyinə də ehtiyacı yoxdur. Sadəcə, ədalətli mövqeyi, müsbət fikir və fəaliyyətə haqq qazandırmaq, cəmiyyətə olduğu kimi çatdırmaq bizim də əsas işlərimizdən biridir. Əgər belə olmasa cəmiyyətimizdə haqlı haqsız düşər, ədalətli insan zərər görər.
İLHAM ƏLİYEV