14 - fevral Sevgililər Günündə restoranlarda QİYMƏTLƏR - SORĞU

6 Fevral 2025 17:14 (UTC+04:00)

14 fevral – Sevgililər Günü dünyanın dörd bir yanında olduğu kimi, ölkəmizdə də xüsusi bir romantika və həyəcanla qeyd olunur. Bu gün münasibətilə cütlüklər ən çox restoranlara və kafe məkanlarına üz tutur, nəticədə bu məkanlarda böyük canlanma müşahidə edilir. Restoranlar müştəriləri cəlb etmək üçün xüsusi menyular, romantik dekorasiyalar və canlı musiqi proqramları hazırlayır. Ən çox sevilən məkanlarda isə yerlərin öncədən bron edilməsi zərurətə çevrilir.

Sevgililər Gününün yaxınlaşması ilə restoranlarda qiymət artımları, xüsusi təkliflər və müştəri axını müşahidə olunur. Bu gün həm restoran sahibləri, həm də müştərilər üçün fərqli bir təcrübə yaradır. Bəs, bu il restoranlarda vəziyyət necədir? Qiymətlər, xidmət səviyyəsi və yerlərin mövcudluğu nə dərəcədə dəyişib? SİA mövzu ilə bağlı restoran əməkdaşlarının fikrini öyrənib.

"The Garden" restoranının meneceri Naib Hüsüyev: "Hazırda qarşıdan gələn Sevgililər Günü münasibətilə bizim restoranda hazırlıqlar gedir. Həmçinin məkanın interyerində o günə özəl fərqli dekorasiya və aksesuarlar quraşdıracağıq. Bununla yanaşı 14 fevral üçün nəzərimizdə bir çox şou-proqramlar qurmağı planlaşdırmışıq. Bu planlarla bağlı artıq instagram səhifəmizdə reklamlar və paylaşımlar etmişik. Güman edirəm ki, həm bizim üçün, həm də qonaqlarımız üçün alternativ bir gün olar. Həmçinin günə özəl menyu hazırlamışıq. Menyularda qiymətlərimiz 70 manatdan başlayır və stabil olaraq qalır. Həmin menyular cütlüklər üçün nəzərdə tutulub. Menyumuzda fərqli təamlar və qonaqların zövqünə uyğun yeməklər yer alıb. Eyni zamanda şou-proqramlarda ilkin olaraq akustika nəzərdə tutulub. Həmin gün səhnəmizdə fərqli janrda olan musiqilər olacaq və bu şou-proqramlar üçün hal-hazırda siyahımızda 3 nəfər nəzərdə tutulub. Sevgililər Günü üçün indidən rezerv edənlər var, vaxt qısaldıqca isə qonaqlar üstünlük təşkil edir. Düşünürəm ki, bütün bu planlar qonaqların diqqətini cəlb edəcək".

" Tavada" restoranının meneceri Orxan Abbasov: "Qarşıdan gələn 14 fevral Sevgililər Günü münasibətilə "Tavada" restoranında cütlüklərə özəl hazır menyu şəklində kompaniyalarımız olacaq. Bundan əlavə həmin gün üçün tədbirimiz baş tutacaq. Bu tədbirdə saksafon və skripka ifası, canlı musiqi, rəqqasələr olacaq. Bununla yanaşı həmin gün üçün restoranın abu-havaya uyğun bəzədilməsi təşkil olunacaq. Bizim iki nəfərlik sevgililər menyumuzun qiyməti 150 manatdır. Bunu da vurğulamaq istərdim ki, əlavə Sevgililər Günü üçün nəzərdə tutulmuş şefimizin özəl deserti olacaq. Menyu qiymətlərimiz isə həmin gün üçün özəl olaraq iki nəfərə 150 manat nəzərdə tutulub. Sevgililər Gününə hələ bir müddət olmasına baxmayaraq masalarımızın 40%-i rezerv olunub. Həmin gün üçün isə əsas şou-proqramlara fokuslanmışıq. Həmçinin yeməklərimizin keyfiyyəti və yüksək səviyyədə prezentasiya olunması, menyuda olmayan şefdən özəl desertimizin olması nəzərdə tutulub".

"Xan" restoranının direktoru Tural Hüseynov: " Restoran tarqovuda yerləşir. Həmçinin muzey restoranıdır. Bizim məkanda Sevgililər Gününə özəl konsert planımız var. Səhnədə 3 saat ərzində müğənni Elvin Mirzəzadə yer alacaq. Menyumuz 1 nəfər üçün 100-150 manat nəzərdə tutlub. Qiymət aralığı isə ön və arxa sıralar olmaqla dəyişir. Həmin məbləğə salatlar, kabablar, meyvə şirələri və hətta qırmızı şərab daxildir. Bizim məkanda milli mətbəxə əsaslanan menyumuz özəldir. Qiymətlər isə çox münasibdir. Həmin gün isə menyudan sifariş edən zaman əlavə ödəniş olunacaq. Bura hər bir şəraitlə təmin olunub. Bizim məkanda əlavə dizayna ehtiyac yoxdur, çox gözəl interyerə malikdir. Restoranda zalımız 180-200 nəfərlik olsa da, yerlərimiz həmin gün üçün artıq çox məhduddur. Qabaqcadan yerlərimiz rezerv olunub".

Xeyrənsə Piriyeva