“Mən neçə gündür ki, müğənni Mənzurə Musayevanın “Şeir bitib”, “Şeir yoxdur” sözünü eşidəndən sonra bədii qiraətçi olaraq özümə yer tapa bilmirəm. Bu gün şükürlər olsun ki, efirlərimizə hər sahənin adamı dəvət olunur. Amma təəssüflər olsun ki, şairlərimizə yer ayrılmır. Söz yazarlarına və söz dünyasının sahiblərinə diqqət olunmur. Bu da bizim zəif nöqtəmizdir”. Bu sözləri SİA-ya açıqlamasında şair, bədii qiraətçi Kənan Qurbanoğlu deyib.
Kənan Qurbanoğlu sözlərinə belə davam edib: “Efirlərin birində İlqar Mikayıloğlunun apardığı verilişdə Fəqan Bərdəli getdiyi toydakı toy sahibinin əmisini lağa qoyur və böyük şairimiz Nizaminin şeirinin səslənməsinin əleyhinə fikir səsləndirir. Onun ardınca Mənzurə Musayeva orada bir yararsız, lazımsız söz səsləndirir ki, “Şeir var? Şeir qurtarıb”. Mən demək istəyirəm ki, Mənzurə Musayeva qutarılacaq birisi varsa, elə o sənsən. Nə qədər Azərbaycan, nə qədər bu müstəqil dövlətimiz yaşayır, Azərbaycan şairlərinə, Azərbaycan şeiriyyat dünyasına xalqımız həmişə dəyər verib və verəcək də.
Bir nüansı da qeyd edim. Mənzurə Musayeva yaxşı-yaxşı eşit. Ümummilli Liderimiz, dahi Öndərimiz Heydər Əliyev böyük şairimiz Səməd Vurğunun "El bilir ki, sən mənimsən" şeirinə öz gözəl yanaşması ilə onu səsləndirərək necə kövrəldiyini və necə sevgi hissini hər bir Azərbaycan vətəndaşı olaraq hər birimiz duyub eşitmişik. Bugün sənin kimiləri, sənin kimi sənətə diqqətsiz yanaşanlar, şairlərə diqqətsiz yanaşanlar çıxıb efirlərdə ağzını boş-boş qoyub “Şeir qurtarıb” deyir. Mən incidim, nəinki Mənzurədən. Bugün Azərbaycan Respublikasının əli qələm tutan şairlərindən incidim ki bu absurd, lazımsız fikrə qarşı öz fikirlərini bildirmədilər.
Arzum-istəyim budur ki, Mənzurə Musayeva çıxsın necə efirdə şairi, şeiri tənqid edib o cür də üzr istəsin. Mənzurə, bir şeyi unutma ki, sürdüyün bahalı maşın, oturduğun dəbdəbəli evlər şairlərin yazdığı şeirin bəhrəsidir.
Fəqan Bərdəli, sənin kimi insanlar da bugün bir toy məclisini idarə edib gəlib sonra çıxıb milyonlarla tamaşaçı qarşısında toy sahibinin əmisini gülüş predmetinə çevirib onu orada lağlağı etməyin yəni bir insan olaraq bir insanın şəxsiyyətinə sığışmayacaq hərəkətdir. Unutma ki, o lağ etdiyin insanların ailəsinin çörəyinin pulu ilə gəlib öz balana çörək alırsan. Belə fikirlər, belə hərəkətlər ömür boyu yaxşı qarşılanmayıb, ömür boyu da yaxşı qarşılanmayacaq. Çünki Azərbaycan xalqı həmişə şairi, şeiriyyatı, gözəl məclisləri ilə yadda qalan bir xalqdır. Sən Azərbaycan xalqını gülüş obyektinə çevirib öz qazanc mənbəyinə çevirib qazanc mənbəyi edə bilmərsən. Azərbaycan xalqından üzr istəməlisiniz”.
Ayşən Vəli