Şabranda “Yaradan əllər” adlı fərdi rəsm sərgisi keçirilib

6 Fevral 2025 12:09 (UTC+04:00)

Dünən Şabran rayon Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə “Gənclər həftəsi” çərçivəsində gənc rəssam İlkanə Kərimovanın “Yaradan əllər” adlı fərdi rəsm sərgisi keçirilib. “2 Fevral – Azərbaycan Gəncləri Günü”nün qeyd edilməsi, gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunun yüksəldilməsi, istedadlı və yaradıcı gənclərin aşkar edilməsi və təbliğ olunması məqsədilə keçirilmiş tədbirdə Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Şabran rayonu üzrə nümayəndəsi Xalidə Əliyeva, Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev, YAP Şabran rayon Təşkilatının sədr müavini Cavani Babayev, Xaqani adına Şabran Poeziya Evinin direktoru Aybəniz Kərimova, rayonun digər idarə, müəssisə və təşkilat rəhbərləri, işçilər və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edənlər əlamətdar gün münasibətilə gəncləri təbrik edib, sərgi ilə bağlı öz təəssüratlarını bildirmiş və gənc rəssam İlkanə Kərimovaya böyük uğurlar və nailyyətlər arzulayıblar. Sonra İlkanə Kərimovanın çəkdiyi rəsmlərdən ibarət sərgiyə baxış keçirilmiş və rəssamlıq sahəsində qazandığı uğurlara görə ona Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova tərəfindən fəxri-fərman və qiymətli hədiyyə təqdim olunub.

Mətləb Salahov