Bildiyiniz kimi Azərbaycan xarici siyasət tokdrinasında balanslaşdırıcı siyasətə üstünlük verir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.
O bildirib ki, bu balanslaşdırma siyasəti ilə həm Şimalla, həm Cənubla, həm Qərblə, həm Şərqlə maraqlar uzlaşmaqdadır: "Bu, iqtisadi və siyasi sahədə özünü göstərməkdədir.
Azərbaycanın balanslaşdırıcı siyasəti Qərbin maraq dairəsində deyil. Çünki Qərb istəyir ki, Azərbaycan Qərbin maraqlarından çıxış etsin və Qərbdən gələn bütün təklifləri sözsüz yerinə yetirsin. Qərb Rusiya ilə düşmənçilik siyasətini həyata keçirir. Rusiya ilə əlaqələrini kəsir və çalışır ki, Cənubi Qafqaz respublikalarını Rusiyanın üzərinə qaldırsın və Rusiya ilə münasibətini kəssin. Bu isə bizim dövlət və milli maraqlarımıza uyğun deyil. Qərbin bəzi dairələri, bəzi institutları, istər AŞPA olsun, istər ATƏT olsun, istərsə də digər qurumlar olsun, müxtəlif sahələrdə Azərbaycana qarşı bəyanatlarla çıxış edirlər. Nəinki Azərbaycanla, o cümlədən Gürcüstanla da belədir. Məqsəd nədir? Məqsəd Cənubi Qafqaz respublikalarını öz təsirinə salıb Rusiya əleyhinə istifadə etməkdir. Qərbin bu cür davranışı nə reallığa, nə də beynəlxalq hüquqa söykənir. Adətən Qərb insan haqları, demokratiya kimi hallardan sui-istifadə edir. İnsan haqları və demokratiyanı öz məqsədlərinə çatmaq üçün alət kimi, təzyiq vasitəsi kimi istifadə edir. Fikir verin, Gürcüstanda demokratik bir seçki keçirildi və Gürcüstandakı demokratik seçkini qəbul etmədilər. Yəni, öz maraqlarına uyğun olmadığına görə, özlərinin istədiyi adamları hakimiyyətə gətirə bilmədiklərinə görə bu seçkini anti-demokratik hesab edirlər. Bir qrup xaricdən idarə olunan, xaricdən maliyyələşən təşkilatlar vasitəsi ilə Gürcüstanda stabilliyi pozmaq istəyirlər. O cümlədən də insan haqları və demokratiya adı altında Azərbaycana təzyiq edilir və müəyyən qətnamələr qəbul edilir".
"Hesab edirəm ki, bu cür davranışlar beynəlxalq hüquqa ziddir, beynəlxalq normalara ziddir. Çünki Azərbaycana təzyiq etmək məqamı daşıyır. Bu cür hallardan Azərbaycanı öz təsirlərinə salmaq istəyirlər. Azərbaycan Qərbdən gələn bu cür davranışlara adekvat cavab verəcək. Düzdür, Azərbaycan Avropanın bəzi dövlətləri ilə iqtisadi maraqlarını uzlaşdırır, 10-a yaxın dövlətlə enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq edir və bu əməkdaşlığı genişləndirməkdədir. Amma siyasi baxımdan Qərbin bəzi institutları qərəzli davranır və bu da Azərbaycan, Azərbaycan ictimaiyyəti tərəfindən cavablandırılacaqdır.
Azərbaycan istər Qərb olsun, istər Şərq olsun, fərq etmir, bütün dövlətlərlə beynəlxalq hüquq normaları çərçivəsində davranmağı tələb edir. Xüsusilə də, qonşularla dinc, yanaşı yaşamaq prinsipinə əməl edir. Dəfələrlə bəyan etmişik ki, Azərbaycan qonşular əleyhinə düşmənçilik siyasəti həyata keçirməkdə vasitə kimi istifadə olunmayacaq. Nə Rusiya, nə də İrana qarşı Azərbaycan vasitə kimi istifadə edilməyəcəkdir. Təbii ki, Azərbaycanın bu cür davranışı Qərbin xoşuna gəlmir. Ona görə də Azərbaycan əleyhinə təzyiq etmək üçün qətnamələr və dinləmələr həyata keçirir" - deyə o, əlavə edib.