BP şirkəti 2025-ci ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda 19 quyu qazmağı nəzərdə tutur. SİA xəbər verir ki, bu barədə şirkətin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda quyular üzrə vitse-prezidenti Rassel Morris Bakıda keçirilən “IADC Drilling Caspian 2025” konfrans və sərgisində bildirib.
"Biz 2024-cü ildə 18 quyu qazmağı planlaşdırırdıq, lakin nəticədə 19 quyu qazdıq. Bu il də eyni həcmi nəzərdə tuturuq. Biz platformalarda qazma işlərinin səmərəliliyinin artırılması üzərində işləməyə davam edirik", - R.Morris qeyd edib.
Onun sözlərinə görə, BP quyuların məhsuldarlığını artırmaq üçün müasir texnologiyalardan fəal şəkildə istifadə edir.
"Hər şey laya nüfuz etmədən asılıdır. Texnologiyalar maksimum neft hasilatını təmin etmək üçün rentabelli və səmərəli olmalıdır. Biz həmçinin üfüqi quyular da qazırıq ki, bu da layın açılma zonasını genişləndirməyə, depressiyanı azaltmağa və səmərəliliyi artırmağa imkan verir", - vitse-prezident bildirib.
R.Morris perspektivli istiqamətlərdən biri kimi çoxdibli quyuları (multilaterals) nümunə gətirib. 2025-ci ildə şirkət “Qərbi Azəri” platformasında belə bir quyu, 2026-cı ildə isə daha bir quyu qazmağı planlaşdırır ki, bu da məhsuldar layları maksimum açmağa imkan verəcək.
"Texnologiyalar baxımından bizi maraqlı iş gözləyir. Bu, təkcə AGT məkanında deyil, bütün Xəzər regionunda fəaliyyət üçün əla zamandır", - o əlavə edib.