Təhsil Mərkəzində ikili diplom proqramının tətbiqinə başlanılıb

6 Fevral 2025 10:40 (UTC+04:00)

"Sabirabad Pilot Aqroparkın ərazisi 7544 hektar təşkil edir. Hazırda 8 sahibkarlıq subyektinə Aqroparkın rezidentliyi statusu verilib. Rezidentlər tərəfindən 4100 ha sahədə əkin işləri görülüb. İndiyədək görülən işlərə 22,4 milyon manat investisiya yatırılıb, 98 daimi, 397 mövsümi iş yeri yaradılıb. Aqroparkda müasir suvarma sistemlərinin tətbiqi ilə meyvəçilik (zeytun, nar), toxumçuluq (buğda, arpa), heyvandarlıq, taxılçılıq və pambıqçılıq təsərrüfatlarının yaradılması istiqamətində işlər aparılır. Artıq Aqroparkın ərazisi tam olaraq sahibkarların istifadəsinə verilib". SİA-nın verdiyi məlumata görə, bunu İqtisadi İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.

Onun sözlərinə görə,İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Peşə Təhsil Mərkəzinin fəaliyyətindən də danışıb: “Hazırda Mərkəzdə 16 ixtisas üzrə 384 tələbə təhsil alır. Peşə Təhsil Mərkəzi bir çox sənaye müəssisələri ilə əməkdaşlıq edir. Belə ki, 2024-cü ildə 8 müəssisə və təşkilatla Anlaşma Memorandumu, 18 şirkətlə isə əməkdaşlıq müqaviləsi imzalanıb.

Ötən ildə ölkəmizdə ilk dəfə olaraq Peşə Təhsil Mərkəzinin və “Holcim Azərbaycan” ASC-nin birgə təşkilatçılığı ilə respublikanın 14 rayonunda "Usta Mənəm!" müsabiqəsi təşkil edilib, müsabiqədə 960 nəfər iştirak edib. Qalibə avtomobil hədiyyə edilib. Həmçinin 2024-cü ildə Azərbaycanda ilk dəfə olaraq İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində ikili diplom proqramının tətbiqinə başlanılmışdır. Belə ki, İsveçrənin universiteti "SMBS – Swiss Montreux Business School" ilə Anlaşma Memorandumu imzalanmışdır.
Böyük Britaniyanın tədqiqat və texnologiya sahələrində uzunmüddətli təcrübəyə malik olan “TWI Ltd” şirkəti ilə Anlaşma Memorandumu imzalanıb. Memorandumun əsas məqsədi sözügedən şirkətin qaynaq təcrübəsindən Mərkəzdə istifadə etməkdir. Qeyd edim ki, Mərkəzin savadlı və təcrübi dərslərdə fəal olan tələbələrinin əməkdaşlıq edilən sənaye müəssisələrində işlə təmin olunması üçün müvafiq tədbirlər görülür. 2023-2024-cü ildən məzun olmuş tələbələrin 65,4%-nin məşğulluğu təmin edilib. Cari il ərzində Peşə Təhsil Mərkəzində tədrisin praktik təşkili üçün yeni emalatxanaların istifadəyə verilməsi planlaşdırılır”.