Böyük Britaniyanın Kembric şəhərində sərnişin qatarlarına atəş açılması ilə bağlı müəmmalı hadisələr baş verib. SİA “The Telegraph” qəzetinə istinadla xəbər verir ki, Kembric və Kembric Nort dəmiryol stansiyaları arasındakı mənzildə hərəkət edən qatarların pəncərələri və vaqonları naməlum şəxslər tərəfindən güllə atəşinə tutulub.
“Greater Anglia” və “Great Northern” şirkətlərinə məxsus qatarlar son üç həftə ərzində ardıcıl hücumlara məruz qalıb. Hadisə nəticəsində 20-dən çox vaqon vandalizmə məruz qalıb. Dəmiryolu işçiləri və maşinistlər hücumlar dayandırılmayana qədər qatarları idarə etməkdən imtina ediblər.
Qeyd olunub ki, hadisə ilə bağlı polis araşdırma aparır, lakin şübhəli şəxsləri müəyyən etmək mümkün olmayıb. Dəmiryolu sektorunda çalışan mənbələrin verdiyi məlumata görə, hüquq-mühafizə orqanları ərazidə gücləndirilmiş müşahidə həyata keçirsə də, atəşin hansı nöqtədən açıldığını müəyyən edə bilmirlər. İndiyə qədər hadisələr zamanı xəsarət alan olmayıb.
Qatar şirkətləri bildirib ki, sonuncu hücum bazar günü saat 17:30-da baş verib və güllələr vaqonların pəncərələrinə zərər yetirsə də, şüşələri tam deşməyib. Polis araşdırmalarını davam etdirir və hücumların qarşısını almaq üçün təhlükəsizlik tədbirləri gücləndirir.