"Bağırsaq sağlamlığı və beyin bir-biri ilə sıx əlaqədədir" - HƏKİM DANIŞDI

5 Fevral 2025 16:30 (UTC+04:00)

"Azheimer xəstəliyi əsasən yaşlılarda yaranan, lakin bəzən cavanlarda da rast gəlinən xəstəlikdir". Bu sözləri SİA-ya açıqlamasında nevroloq refleksoterapevt, İnteqrativ tibb mütəxəssisi Ülviyyə Səlimova deyib.

O bildirib ki, bu xəstəlik neyrodegenerativdir: "Yəni geni dönməz proseslərin yaranmasını nəzərdə tuturuq. Xəstəlik getdikcə proqressivləşir və ciddi yaddaş pozulmaları görünür. Xəstə özünü bir fərd kimi idarə edə bilmir. Mütləq onun kənardakıların köməyinə ehtiyacı olur. Yaddaş pozulmaları beyində zülalların yığılması ilə əlaqələndirilir. Xəstəliyin cavan yaşda əmələ gəlməsinin əsas səbəbləri gen mutasiyalarıdır.

Xarici mühit faktorları bu xəstəliyin yaranmasında böyük rol oynayır. Buna ətraf mühitin çirklənməsi, toksik maddələrin bədəndə səviyyəsinin artması, ağır metalların orqanizmdə artması səbəb olur. Çünki ağır metallar yağlı toxumanı sevir. Beyin də yağla zəngin olan toxumadır. Ona görə də, əsasən civə və alüminium kimi ağır metallar beyində sinir hüceyrələrinin məhvinə səbəb olan azheimer xəstəliyinin yaranmasında rol oynayır. Digər faktorlar isə herpes ailəsindən olan viruslar bu xəstəliyin yaranmasında rol oynayır. Diabetin olması, beyin-qan dövranının pozulması, əsasən də cavanlarda azheimer xəstəliyinin yaranmasında baş-beyin travmaları əhəmiyyətli dərəcədə sözünü deyir".

Həkimin sözlərinə görə, beyin-bağırsaq əlaqələri, bağırsağın normal fəaliyyətinin pozulması son dövrdə bütün dünyada marağa səbəb olub: "Son araşdırmalar göstərir ki, bağırsaq sağlamlığı və beyin bir-biri ilə sıx əlaqədədir. Təkcə azheimer yox, digər neyrodegenerativ xəstəliklərin yaranmasında hər hansı bir iltihabın olduğu artıq sübut olunub. Ona görə də, bu xəstəliklə mübarizə üçün düzgün qidalanmaq lazımdır. Çünki zərərli qidalar, aktiv olmayan həyat tərzi, bu kimi hallar, daimi olaraq xroniki stressin olması qanda kortizol səviyyəsinin yüksək olmasına səbəb olur. Neyroiltihab azheimer və digər neyrodegenerativ, hətta ciddi beyin xəstəliklərinin yaranmasına gətirib çıxarır.

Xəstəliklə mübarizədə beyin məşqləri etmək, birinci növbədə qidalanmanı düzəltmək lazımdır. Trans yağlar, şəkər yüklü qida, karbohidrat yüklü qidalardan uzaqlaşmaq vacibdir. Sağlam həyat tərzi, sağlam qidalanmaya keçmək orqanizmdə iltihabın yaranması və bununla da bağlı sinir iltihabının yaranmasının qarşısını alır. D vitaminini normal səviyyədə saxlamaq, orqanizmdə ağır metalların aşkarlanması nəticəsində detoks,drenoj funksiyasını gücləndirmək, bədənin ağır metalları atma qabiliyyətini sürətləndirmək və yaxşı antioksidanlarla zəngin qidalarla qidalanmaq bu xəstəliyin profilaktikasında əsas yer tutur".