"Burada bir yanlışlıq axtarmağa dəyməz” - ŞƏRH EDİLDİ

5 Fevral 2025 15:10 (UTC+04:00)

“Ümumiyyətlə ailədaxili münasibətlər, bir ailənin qurulması və onun sağlam təməllərə əsaslanaraq davam etməsi daxili prosesdir. Hər bir ailə öz-özlüyündə ayrı bir yanaşma tələb edir, eyni zamanda bu ictimai xarakterli bir məsələdir, çünki dövlətin təməlini ailələr formalaşdırır və bu ailələrin sağlam, möhkəm olması əlbəttə ki, dövlətin, ölkənin də gələcəyinin sağlam olması deməkdir. Ona görə də bizim ölkəmizdə həyata keçirilən bütün islahatlar və tədbiq edilən siyasət ailə institutunun ildən-ilə daha da möhkəmlənməsinə xidmət edir, ailə təməlinin sağlam olmasına və xüsusilə də bu ailələrdə doğulub böyüyən uşaqların gələcəyinin sağlam şəkildə təmin edilməsinə yönəlib. Bu gün konkret olaraq virtual məkanlarda tanışlıqlardan söhbət gedirsə, bu özü də çox fərqli bir yanaşma tələb edən məsələdir. Alışdığımız ənənəvi üsullarla tanış olanlar, şəxsən bir-birilərini görüb, bəyənən və yaxud ailə fərdləri tərəfindən, böyüklərin seçib bəyəndiyi xanımla, bəylə ailə quranlar var və bu gündə artıq günümüzdə dəbə çevrilməkdə olan virtual məkanda tanışlıqla sonradan ailə quranlar var”. Bu sözləri Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, bunların arasında müqayisə aparmaq və 100/100 də bir-birini şəxsən görüb bəyənənlərin mütləq xoşbəxt olacağı, amma virtual məkanda tanış olanların xoşbəxt olmayacaqları və ya ata-ana, valideyn razılığı ilə evlənənlərin həyatının sonunun daha yaxşı yaxud daha pis olacağına nəticəyə gəlmək fərdi bir yanaşmadır, fərdi xarakter daşıyır: “Bunları eyniləşdirmək olmaz. Ümumi nisbəti unutmamalıyıq. Burada insan xarakterlərindən, insan yanaşmalarından, ailədə alınan tərbiyələrdən, əxlaqi normalardan, kriteriyalardan, təhsildən, səviyyədən söhbət gedir. Onun üçün də, birmənalı fikir yürütmək və qiymət vermək çətindir ki, məhz bu şəkildə ailə quranın ailəsi möhkəm olacaq və yaxud, qısa zamanda dağılacaq. Amma ümumilikdə yanaşsaq, əlbəttə ki, bu gün texnologiya, texnika, internetin bütün həyatımıza, evlərimizə, işimizə daxil olduğu bir zamanda yaşayırıq, yəni hər vacib məlumatları internetdən alıb, kitabları belə internetdən oxuyuruq. Artıq kitabxana alışqanlığı 2-3 cü plana keçib, hətta TV-lərə belə dünya insanları bir o qədər maraq göstərmir, hər şey, alış-verişlər belə internetlə aparılır”.

Professor həmçinin bildirib ki, tanışlıqların internet vasitəsilə olması dəyişən dünya düzəninin, qloballaşan, texnikalaşan dünyanın bizə verdiyi yaxşı və ya pis "hədiyyədir": “Bunun üçün bu məsələni bir o qədər də qaraltmaqdan diqqətli olmaq lazımdır. Xüsusilə də gənc qızlarımızın virtual məkanda tanış olduğu şəxslərin tam olaraq kimliyini bilmədən hər hansısa addım atması acı nəticələrə gəlib çıxa bilər. Amma əgər iki insan artıq həyatlarını birləşdirməyə, rəsmi nikaha daxil olmağa qərar verirlərsə, deməli onlar kifayət qədər öz addımlarının məsuliyyətini, cavabdehliyini daşıyırlar. Məsələ o mərhələyə gəlib çıxırsa, deməli onlar virtual məkanda danışdıqdan sonra üz-üzə gəlib, daha yaxından tanış olublar. Heç kim bu gün internet səhifəsində tanış olub, səhəri gün nikaha və yaxud yaxın münasibətə daxil olmur. Bu tanışlığın, ailənin təməlinin qoyulmasının əsası internetdə olub, lakin daha sonra bu insanlar bir-biriləri ilə daha yaxından tanış olub və hər baxımdan ailə qura biləcək səviyyədə özlərini ona uyğun görüblərsə və burada bir yanlışlıq axtarmağa dəyməz”.