Suriyada Azərbaycan–Türkiyə müttəfiqliyi nə kimi perspektivlər vəd edir? -POLİTOLOQ ŞƏRH ETDİ

5 Fevral 2025 15:11 (UTC+04:00)

“İlk öncə onu bildirmək lazımdır ki, Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi və hərbi sahələrdə illərin təcrübəsinə və qarşılıqlı etimada əsaslanan bir əməkdaşlıq formalaşıb. Hər iki ölkənin rəhbərləri səviyyəsində mütəmadi səfərlərin olması, hökümətlərarası komissiyaların işinin yüksək səviyyədə olması və il ərzində müşətərək hərbi təlimlərin uğurla keçirilməsi bunun bariz nümunədir”. Bu sözləri SİA-ya politoloq Amid Əliyev deyib.

Onun sözlərinə görə, bundan başqa hər iki ölkənin TDT daxilindəki və eləcə də digər təşiklatlar səviyyəsindəki əməkdaşlığı da təqdirəlayiqdir. Hazırda isə Türkiyə Qarabağ iqtisadi rayonunun yenidən qurulmasında Türkiyəyə məxsus şirkətlər aktiv sürətdə iştirak edirlər və əsasən də yol infrastrukturunun qurulmasında qardaş dövlətin təcrübəsi öyərnilir.

Suriya məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra Türkiyə aktiv şəkildə Suriyanın yenidən qurulmasında ciddi addımlar atır. Bu həm Suriyanın siyasi sisteminə həm də sosial iqtisadi həyatına olan yeni türk modelinin tətbiqi anlamına gəlir. Təbii ki, bu məsələdə Türkiyə Azərbaycanın da bu bu proseslərdə iştirakına olduqca isti və loyal yanaşır. Artq ilkin addım kimi Azərbaycan səfirliyinin açılması üzərində də işlər gedir. Növbəti addımlar kimi, infrastrukturun qurulması, faydalı qazıntıların əldə edilməsi və ələlxüsus vətəndaşlara xidmət sahəsinin qurulmasında Azərbaycan modelinin tətbiqinın müzakirəsi ehtimal oluna bilər. Bunlarla yanaşı Suriya ilə Azərbaycan arasında hələ keçmiş SSRİ dövründən yaranmış mədəni əlaqələr də mövcud olub. Bu də öz növbəsində münasibətlərin dirçəlməsinə xidmət edə bilər. Hər üç dövlət müsəlman dövləti olduğu üçün təbii ki, ortaq məqamlar çoxdur. Azərbaycanın İslam dünyasında artan nüfuzu, Qoşulmama hərəkatına rəhbərlik etməsi və Qalib dövlət olması təbii ki, Suriyada rellaşacaq siyasi proseslərə asanlıqla nüfuz etməsinə imkan yarada bilər. Hesab etmək olar ki, Türkiyə vasitəsilə qarşıdakı illərdə Suriyanın yenidən qurulması, investisiya yatırılması, qarşılıqlı təcrübə mübadiləsi və eləcə də regional təhlükəsizlik məsələlərində Azərbaycanın öz payı olacaqdır.