“Dövlət nə qədər güclü olursa, onu istəməyənlər də olur” - MÜNASİBƏT BİLDİRİLDİ

5 Fevral 2025 14:19 (UTC+04:00)

“Təşkilatların hamısının istisnasız nizamnaməsi və missiyası olur. Onlar bu nizamnamədən və mandatından irəli gələrək missiyasını yerə yetirməlidirlər”. Bu sözləri SİA-ya açıqlamasında hüquq müdafiəçisi Rauf Zeyni deyib.

Rauf Zeyni sözlərinə belə davam edib: “Təəssüflər olsun ki, bəzi beynəlxalq təşkilatlar öz mandatından irəli gələn səlahiyyətlərini aşaraq, missiyasını kənara qoyaraq, demokratik dəyərləri, insan hüquqlarını, bəşəri dəyərləri milli mənəvi dəyərlərə hörmət etmək şərti ilə qorumaq əvəzinə müxtəlif dövlətlərin ərazisində təxribat fəaliyyəti ilə məşğul olurlar. Onlar bu fəaliyyəti hələ təbliğ də edirlər.

Dövlətlərin konstitusion hüquqlarına müdaxilə etmək, yəni ali qanundan irəli gələrək onun toxunulmazlığını kənara qoyub orada hər hansı bir inqilablar törədilməsinə, daxili münaqişələrin yaranmasına, stabilliyin pozulmasına müxtəlif yollar axtarırlar. Bir sözlə, özlərinə lazım olan istiqamətə yönələrək öz ağalarına hesabat verirlər ki, sizin verdiyiniz tapşırığa uyğun olaraq biz bu və ya digər təxribat planlarını həyata keçirdik. Ona görə də həm iqtisadiyyatı, təhlükəsizlik sistemi və vətəndaş cəmiyyəti güclü və milli olan dövlətlər bu müdaxilələrin qarşısını ala bilirlər. Bu çox ciddi məsələdir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev yerli televiziyalara verdiyi müsahibələrdə bu məsələlərə aydınlıq gətirdi və göstərdi ki, bu tip təşkilatlar hansı təxribatlarla məşğul olurlar və onların qarşısı alınmalıdır.

Dövlət nə qədər güclü olursa, onu istəməyənlər də olur. Yəni, onun güc və qüdrətini qəbul etməyənlər olur. Onlar da öz yumuşaq güclərindən istifadə edərək ölkənin ərazisinə müxtəlif missionerlər göndərirlər. Bu bu günün söhbəti deyil. 35 ildir bu məsələlərdən danışırıq ki, ölkəyə gələn missionerlər öz nizamnamə tələblərini yox, missiyalarını yerinə yetirirlər.

Ona görə biz cəmiyyət, dövlət və vətəndaş cəmiyyəti olaraq həmişə ayıq-sayıq olmuşuq. Ölkəmizə xoş və bəd niyyətlə gələnlərin hamısını sezmişik. Zaman-zaman onlarla bağlı müvafiq tədbirlər görmüşük. Təəssüflər olsun ki, həmişə bu tədbirlər lazımi effekt verməsə də, 90 faiz biz milli-mənəvi dəyərlərimizi. milli maraqlarımızı və təhlükəsizliyimizi qorumağa çalışmışıq. Bundan sonra da bizim vətəndaş cəmiyyəti Azərbaycan dövlətçiliyini, ölkəmizin maraqlarını və təhlükəsizliyini qorumaq üçün öz tarixi xidmətlərini göstərəcəklər”.

Ayşən Vəli