"Rusiyada miqrantlarla bağlı sərt qanun qəbul edilməsi miqrantların deportasiyasına da gətirib çıxaracaq". Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Rusiya göründüyü kimi çox ciddi şəkildə miqrantlarla bağlı qərarlar qəbul edir: "Bununla da bir növ ölkədən valyuta axınının da qarşısını almağa çalışır. Həmçinin müharibəyə miqrantların göndərilməsi istiqaməti də planın bir hissəsidir. Çünki sənəd alan miqrantlar artıq Rusiya vətəndaşı olur. Bunlar da müharibəyə göndərilir. Düşünürəm ki, bu istiqamətdə Rusiya çox ciddi addımlar atacaq. Əgər sənədləri yerində olmayanlar varsa, əlbəttə ki, deportasiya olunacaqlar. Təbii ki, bu, Rusiya iqtisadiyyatına da böyük zərbə olacaq. Amma Rusiya çox ciddi addımlar atır.
Azərbaycana da yeni axın gələ bilər. Rusiyada işləyən azərbaycanlılar ölkəyə qayıda bilərlər. Həmçinin Mərkəzi Asiya ölkələrindən də miqrantların qayıdışı gözlənilir. Bir növ Rusiya burada təhlükəsizliyini təmin etməyə çalışır. Azərbaycanlıların Rusiyadan ölkəyə qayıtması, əlbəttə ki, Rusiyanın əmək bazarında çox ciddi problemlərə gətirib çıxaracaq. Çünki Rusiyanın özündə kifayət qədər işçi çatışmazlığı var. Düşünmürəm ki, Rusiya üçün xeyri ola bilər. Rusiya bundan zərər çəkəcək. Sadəcə olaraq, göründüyü kimi Rusiya Ukrayna ilə müharibəsinə görə belə sərt qərarlar alır. Amma düşünürəm ki, növbəti mərhələdə miqrant siyasətində müəyyən yumşalmaya da keçəcək".