“Son illər idmana tənbəllik edən, pəhrizlərə iradəsi və səbri çatmayanlar reklamlarda az qala möcüzəli təsir vasitəsi kimi təqdim edilən dərmanlara, xüsusi çaylara, kofelərə, bioloji aktiv maddələrə üz tutur, onlar vasitəsi ilə çox sürətlə arıqlamaq istəyirlər. Satıcı hər nə qədər “zərərsizdir” desə də istifadə edənlərin də ürəyində şübhələr qalır”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Sevinc Həsənzadə deyib.
Onun sözlərinə görə, son günlər müxtəlif sosial şəbəkələrdə məşhur simaların reklam etdikləri arıqlama çayları barədə çox danışılır: "İndi əksəriyyət arıqlamaq üçün daha çox arıqlama çaylarına üstünlük verir. Ancaq bu çaylar hədəfə çatmaqla yanaşı mənfi nəticələr də verir. Arıqlama çaylarını aptek və mağazalardan reseptsiz əldə etmək mümkündür. Həmin çaylar qaraciyər, böyrək daşı, kəskin mədə xəstəlikləri, həmçinin revmatizm və yüksək təzyiqdən əziyyət çəkənlər üçün çox təhlükəlidir. Artıq çəkidən azad olmaq üçün həmin üsuldan bəhrələnənlərin sayı ildən-ilə artır. İstifadəçilər arasında fayda gördüyünü, heç bir nəticə görmədiyini söyləyənlər də var. Hətta həmin diyetik üsuldan ciddi zərər görən, səhhətində problem yarananlar da az deyil. İşbazların müxtəlif ad və dizaynda istehsal etdiyi həmin çayların insan orqanizminə çox böyük zərəri var. Ən əsasda teoid hormonları yüksək olan pasientlərə çox ziddir. Çalışın sağlam bir şəkildə arıqlama yolunu seçin".