Minlərlə insan Yunanıstanın Santorini adasını tələsik tərk edib

4 Fevral 2025 19:26 (UTC+04:00)

...Egey dənizindəki seysmik aktivliyə görə doqquz minə yaxın insan Santorini adasını tərk edib.

SİA xəbər verir ki, bu barədə çərşənbə axşamı, fevralın 4-də TRT Haber məlumat yayıb.

Yunanıstan mətbuatının məlumatına görə, bölgədə baş verən güclü təkanlar səbəbindən, aralarında turistlər və yerli əhalinin də olduğu təxminən 9 min insan böyük zəlzələ qorxusu ilə adanı tərk etmək qərarına gəlib.

Aviaşirkətlər adanı tərk etmək istəyənlər üçün əlavə uçuşlar təşkil edib və Santorinidəki məktəblər cümə gününə qədər bağlı olacaq.

Bundan əlavə, beynəlxalq ekspertlər qrupu sensorlar vasitəsilə dənizin dibində xüsusi tədqiqat aparmağı planlaşdırır. Təhlükəsiz vəziyyətin təmin edilməsi üçün adaya xilasetmə və tibbi qruplar, həmçinin zəlzələlər zamanı elektrik enerjisinin verilməməsinin qarşısını almaq üçün Hellenic Elektrik Distribution Şirkətindən generator və avadanlıqlar göndərilib.

Əli Babayev