Qazaxıstan və Türkmənistan öz nəqliyyat dəhlizlərinin potensialını artırmaq barədə razılığa gəliblər.
SİA-nın məlumatına görə,Türkmənistan Nazirlər Kabineti sədrinin müavini və xarici işlər naziri Rəşid Meredov Qazaxıstanda rəsmi görüşlər keçirib.
Meredovu paytaxt Astanada Qazaxıstan Baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu qarşılayıb.
Nurtleu və Meredov təkbətək və nümayəndə heyətləri arası danışıqlardan sonra birgə mətbuat konfransı keçiriblər.
Qazaxıstanın xarici işlər naziri Nurtleu ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmaq üçün hərtərəfli danışıqlar apardıqlarını deyib.
Türkmənistanın həm qonşu, həm də qardaş ölkə olduğunu qeyd edən Nurtleu xüsusilə türkmən həmkarları ilə həmsərhəd dövlətlər arasında əməkdaşlığın artırılması məsələsinə toxunduqlarını qeyd edib.
Ölkəsində türkmən kapitalı ilə 100-ə yaxın şirkətin fəaliyyət göstərdiyini qeyd edən Nurtleu bu çərçivədə tranzit dəhlizlərinin potensialını artırmaq üçün razılaşdıqlarını bildirib.
Nurtleu “Qazaxıstan-Türkmənistan-İran” marşrutu üzrə dəmir yolu xəttinin strateji əhəmiyyətini xüsusilə vurğuladıqlarını, Çin və İran arasında öz ölkələrindən keçən dəmir yolunun inkişafı və keçid məntəqələrinin canlandırılmasını da müzakirə etdiklərini bildirib.
Türkmənistanın xarici işlər naziri Meredov da Türkmənistan və Qazaxıstan arasında siyasi qarşılıqlı fəaliyyəti artırmaq barədə razılığa gəldiklərini bildirib.
Meredov Aral gölü mövzusunda da məsləhətləşmələr apardıqlarını və qazaxıstanlı həmkarı ilə bu kontekstdə birgə işi davam etdirmək barədə razılığa gəldiklərini bildirib.
Meredov Qazaxıstanla enerji, xüsusilə də qaz sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını deyib:
“Xəzər dənizinin şərqində Transxəzər dəhlizinin və “Qazaxıstan-Türkmənistan-İran” marşrutu üzrə dəmir yolu xəttinin inkişafının vacibliyini vurğuladıq”.