Artıq insan haqları, demokratiya və plüralizm kimi ali dəyərlərin qoruyucusu deyil, hansısa dövlətlərin, siyasətçilərin “buyruq qulu” kimi tanınan Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyini qətiyyən gizlətmir və hətta açıq şəkildə nümayiş də etdirir. Siyasi təzyiqlər sayəsində bir qrup deputatın Azərbaycan nümayəndə heyətinin qurumdan uzaqlaşdırılmasına səs verməsi, heç də bütün nümayəndə heyəti üzvlərinin ölkəmizlə bağlı bu qərarın lehinə səs verməməsi, hətta bəzi dövlətlərin nümayəndə heyətlərinin AŞPA sədrinə müraciət edərək, bu cür yanaşmanın qəbuledilməzliyini xatırlatması fonunda, məhz ölkəmizlə bağlı həmin qərarın dəyişdirilməməsi ədalətsizliklə yanaşı, həm də çox ciddi səhvdir. Başqalarının gözündə tük axtaran AŞPA-nın məhz həmin səhvin fonunda da öz gözündə bu boyda “tiri” görməməzliyə vurması ikiüzlülükdür. Bu yekəlikdə səhvin, bu boyda ədalətsizliyin, qərəzin ardınca yenə də Azərbaycanı “hədəfə almaq” və yenə də həqiqətləri, reallıqları görməməzliyə vuraraq, ədalətsizcəsinə, qərəzli şəkildə mövqe sərgiləmək həmin qurumun ikiüzlülükdən əl çəkmək fikrində olmamasını təsdiqləyir.
AŞPA öz imicini, öz nüfuzunu qorumaq fikrində olsaydı qərəzli yanaşmasından, ədalətsizlikdən əl çəkməli idi
Sözsüz ki, AŞPA kimi bir qurum öz imicini, öz nüfuzunu qorumaq fikrində olsaydı, ikiüzlü təşkilat kimi tanınmaq istəməsəydi, ilk növbədə, birmənalı qarşılanmayan qərəzli yanaşmasından, ədalətsizlikdən əl çəkməli idi. İlk növbədə Azərbaycana qarşı obyektivlikdən uzaq qərarların qəbul edilməsindən çəkinməli, siyasi təzyiqlər sayəsində bəzi deputatların ölkəmizə qarşı hazırladıqları qondarma sənədləri araşdıraraq, təhlil edərək, nəticə çıxarmalı, gündəliyə çıxarılmazdan öncə də həmin məsələlər ətraflı müzakirə edilməli idi. Əgər həmin qurum bütün bunları etmədən, kimlərinsə oyununa alət oldusa, Azərbaycana qarşı qarayaxma kampaniyalarına son qoymaq əvəzinə, həmin kampaniyalara qoşuldusa, deməli, öz imicini, öz nüfuzunu belə hesaba almadı və ədalətsizliyi, qərəzliliyi fonunda məntiqi olaraq, məhz bir daha ikiüzlü təşkilat kimi tanındı.
Hər zaman demokratiya və insan haqlarından bəhs edən, lakin özünün istəmədiyi nəticələrlə qarşılaşdığı zaman fərqli yanaşmanı, istədiyi mövqeyi sərgiləyən AŞPA özünün ədalətsiz, qərəzli bir qurum olduğunu nümayiş etdirir ki, buna ikiüzlülükdən başqa heç bir ad vermək olmaz. Əgər həmin qurum ikiüzlülük etməkdən çəkinsəydi, istədiyini yox, demokratiyanı, insan azadlığını, plüralizmi “görməyə gözü” olardı və belə müsbət hallara, dəyərlərə tamamilə pozitiv yanaşardı. Ən azından ədalət prinsplərinə və xüsusən də qanunun aliliyinə hörmətlə yanaşardı. Amma biz bunun tamamilə əksini müşahidə edirik. Görürük ki, qanunları, ələlxüsus da beynəlxalq normaları belə ayaqlar altına atmaq belə həmin qurum üçün artıq adi hala çevrilib.
Ən təzadlı məqam oldur ki, indi özlərinin ortaya qoyduğu qanunları heç özləri belə hesaba almırlar
Qanunvericiliyə görə, barəsində sanksiya çıxarılacaq ölkənin nümayəndə heyəti toplantıda iştirak etmədiyi halda, hansısa ölkənin nümayəndə heyəti olmadığı halda, həmin ölkə haqqında hər hansı bir qərar verilə bilməz. Bu qanunvericiliyi biz “icad” etməmişik və öz istədiklərimizi tələb etmək kimi bir iddiada da deyilik. Məsələ burasındadır ki, bunu da, bu qanunu da “avropalılar” özləri yazıblar və ən tızadlı məqam odur ki, indi özlərinin ortaya qoyduğu qanunları heç özləri belə hesaba almırlar. Çox təəssüflər olsun ki, Avropa yenə də öz yazdığı prinsipləri belə pozaraq, Azərbaycana qarşı çıxış edir və ölkəmizdə arzuolunmaz şəxs sayılan avropalı parlamentarilərə qarşı çıxarılan “persona non-qrata” haqqında qərarın dəyişdirilməsini, seçkilərin yenidən keçirilməsini, eyni zamanda da həbsdə olan jurnalistlərlə bərabər, hətta erməni terrorçularının da qeyd-şərtsiz azad edilməsini tələb edir.
Yenə də qeyd edirik ki, toplantıda iştirak etməyən ölkə barədə belə bir qərar qəbul edir, yenə də əvvəlki kimi, qanunvericiliyə məhəl qoymadan, qanunu hesaba belə almadan, beynəlxalq normaları ayaqlar altına ataraq, Avropa Parlament Assambleyası səhvə yol verir. Daha doğrusu, AŞPA məhz Azərbaycana qarşı münasibətdə şəvh etməkdə davam edir. Həm ədalətsizlik edir, həm qərəzlilik nümayiş etdirir, həm də qanunsuzluğa yol verir və bununla da təbii ki, növbəti dəfə də ikiüzlülük edir. Yəni, bu təşkilatın ikiüzlülüyü davam etməkdədir. Üstəlik, terrorçunun cəzalandırılmasının lehinə olmalı halda, buna əks mövqe sərgiləyir. Maraqlıdır, terrorçuların azad edilməsini, özü də qeyd-şərtsiz azad edilməsini tələb etməyə ikiüzlülükdən başqa nə ad vermək olar və bunun özü də ikiüzlülük deyilmi? Əlbəttə ki, ikiüzlülükdür...
Müharibə cinayətinə yol vermis qatillərin azad edilməsi çağırışı heç bir normaya çığışmır
Düz 30 ilə yaxın müddət ərzində bircə dəfə də olsa Azərbaycanla bağlı hansısa bir məsələdə yekun qərar verməyən, eləcə də Ermənistanı hər hansısa bir şəkildə qınamayan Avropa Şurası indi nə yaman “fəallaşmaq” fikrinə düşüb və belə “çanfəşanlıq” etməsinin ikiüzlülükdən başqa adı nədir? Azərbaycan torpaqlarında cinayətlər törədənlərin, mülki vətəndaşları qətlə yetirənlərin, heç bir normalara sığışmayan şəkildə Gəncədə, Bərdədə yaşayan dinc sakinlərin üzərinə qadağan olunmuş bombalar yağdıranların, Qarabağda hər cür cinayətlərə imza atanların müdafiəsinə qalxmaq nə deməkdir? Azərbaycan xalqına və dövlətinə qarşı ağır cinayətləri nəzərə almamaq ədalətsizlikdir. Müharibə cinayətlərinə yol vermiş qatillərin azad edilməsi çağırışı heç bir normaya sığışmır. Dinc sakinlərin yaşadığı yaşayış məntəqəsinə raket atmaq əmrini verdiyini öz dili ilə təsdiq edən Arayik Arutyunyan, canlı şahidlər tərəfindən azərbaycanlı əsirlərə qarşı amansızlıqla və vəhşicəsinə davrandığı bildirilən Arkadi Qukasyan, terrorçuluğu maliyyələşdirən Ruben Vardan kimilərini müdafiə etmək beynəlxalq normalara hörmətsizlik olmaqla yanaşı, həm də ikiüzlülükdür. Ən böyük ikiüzlülük isə məhz bu boyda cinayətləri görməməzliyə vuraraq, Azərbaycanda demokratiya və insan hüquqlarının vəziyyəti barədə danışmaq, bu istiqamətdə çağırışlar etməkdir. Çünki ikiüzlülüyün ən aydın təzahürü məhz qatilləri, işğalçıları müdafiə edərək, işğala, haqsızlığa məruz qalan tərəfi ədalətsizcəsinə və qərəzli şəkildə hədəfə almaq, qınamaq, həmin tərəfə insan haqları barədə çağırışlar etməkdir.
Cinayətlərin qurbanı olan dinc vətəndaşların haqq və hüquqları barədə qətiyyən düşünmək istəmirlər və utanmadan insan haqlarından danışırlar
Mühakiməsi davam edən Arayik Arutyunyan kimi birinin müharibə cinayətlərinə əl atması nəticəsində dinc sakinlərin tələf olması, həyatlarını itirməsini nəzərə belə almayanlar həmin o müharibə cinayətlərinin qurbanları olan dinc vətəndaşların haqq və hüquqları barədə qətiyyən düşünmək istəmirlər və bununla belə utanmadan insan haqlarından danışırlar. Özü də məhz Azərbaycana ünvanlanaraq. Bax elə ən böyük ikiüzlülüyün biri də budur. Əgər AŞPA ikiüzlülük etməsəydi, ilk növbədə terror qurbanlarının, həmçinin qanunsuz erməni dəstələri tərəfindən basdırılan minaların, sursatların partlaması ilə həyatlarını itirən, sağlamlığından məhrum olan insanların haqlarını müdafiə edərdi. Hələ də Ermənistan tərəfi Azərbaycana mina xəritələrini verməyib, vermək fikrində də deyil və bunu heç AŞPA dilə belə gətirmək istəmir. Məgər ermənilərin bir zamanlar ərazimizdə olan qanunsuz silahlıları tərəfindən basdırılan minaların partlaması nəticəsində həyatından və sağlamlığından məhrum olanlar üçün insan haqları barədə düşünülməməlidirmi? Əgər düşünülməlidirsə, niyə bu barədə bircə kəlmə də deyilmir, qərar qəbul olunmur və Ermənistan tərəfinə hansısa tələb irəli sürülmür? Yox əgər düşünülməli deyilsə, bunun nəyi insan haqları sayılır və bunun əsl adı elə ikiüzlülük olmamalıdırmı?
Cinayətkarları, caniləri, qatilləri müdafiə edənlərin kimə və nəyə qulluq etdikləri bəllidir
Avropalı Parlamentarilərin utanmadan erməni əsilli hərbi canilərin, müharibə çinayətlərində şübhəli bilinənlərin azadlığa buraxılmasını tələb etmələri AŞPA adlı bir qurumun da, onun belə bir tələblə çıxış edən deputatlarının da deqradasiyaya məruz qalmasının göstəricisidir. İstənilən halda, AŞPA deputatlarının terrorçulara, müharibə cinayətləri törədən canilərinə azadlıq istəməsi onların hansı “səviyyədə” və hansı dərəcədə ikiüzlü olmasını göstərən məqamdır. Həmin o parlamentarilər yaxşı olar ki, ya ikiüzlülüklərini, ya da insanlıq əleyhində olan şeytana qulluq etdiklərini etiraf etsinlər. Onsuz da cinayətkarları, caniləri, qatilləri müdafiə edənlər bunu etməsələr də kimə və nəyə qulluq etdikləri bəllidir. Nə qədər ikiüzlülük etsələr də məntiqi reallıq belə təsdiq edir ki, işğalçını yox, işğala məruz qalanı, zərərçəkəni hədəfə almaq, məhz tələblər irəli sürmək absurd görünür.
Soyqırımlar törətmiş, bəşəri cinayətə yol vermiş şəxsləri siyasi məhbus kimi təqdim etmək, qələmə vermək həyasızlığın son həddidir
Xocalı faciəsinin timsalında bir sıra soyqırımlar törətmiş, bəşəri cinayətə yol vermiş şəxsləri siyasi məhbus kimi təqdim etmək, qələmə vermək həyasızlığın son həddidir. Hərbi cinayətlər törədən caniləri siyasi məhbus adlandırmaq, onların azadlığa buraxılmalarına çağırış etmək həmin deputatların “kimliklərini” ortaya qoyur. Yəni, ikiüzlü olduqlarını ifşa edir. Canilərin, cinayətkarların azadlığa buraxılması tələbini irəli sürənlər, bunu da hələ bir insan haqları kimi göstərməyə çalışanlar beynəlxalq hüquqa, beynəlxalq konvensiyalara, insan hüquqlarına da hörmətsizlik etməklə daha bir ikiüzlülük edirlər. Belə bir tələbin, xüsusən də beynəlxalq hüquqa, beynəlxalq konvensiyalara, insan hüquqlarına hörmətsizlik və ikiüzlülük fonunda ortaya çıxan tələbin Azərbaycan üçün zərrə qədər də mahiyyəti yoxdur və bu səbəbdən də həmin tələbləri məntiqi əsaslı olaraq rədd edir. Ümumiyyətlə, ölkəmiz bundan sonra həmin o ikiüzlülüyü özü üçün adi hal hesab edən təşkilatla əlaqələrdə belə maraqlı deyil.
İkiüzlü bir təşkilatın qəbul etdiyi “sifarişli qətnamə” heç bir hüquqi əsası olmayan bir kağız parçası sayılır
Əslində, Cənubi Qafqazın daha bir ölkəsi olan Gürcüstan üçün də həmin qurumla əlaqələr tamamilə maraqsızdır və təsadüfi deyil ki, hər iki qonşu ölkənin məhz AŞPA ilə münasibətləri az qala yox dərəcəsindədir. AŞPA ilə münasibətləri “sıfıra yaxınlaşan” ölkələrin sayı getdikcə artmaqdadır və görünür, həmin o ikiüzlülüyü fonunda gələcəkdə daha da artacaq və bunun da həmin o qurum üçün nə demək olduğu bəllidir. Bir sıra dövlətlərin maraqlarını ölkəmizə tətbiq etməyə cəhd göstərən, xüsusən də Fransa kimi dövlətlərin əlində oyuncağa çevrilən, insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərə azadlıq çağırışı edən bir beynəlxalq təşkilat Azərbaycandan nələrisə tələb etmək, Azərbaycana qarşı ölçü götürmək məsələsini irəli sürmək haqqını çoxdan itirmiş sayılır. İndi həmin qurum terrorçuların dəstəkçisi kimi bir ikiüzlü təşkilat adını qazanıb və bu adın sahibinin mövqeyi də, münasibəti də, qərarları da bizim üçün qətiyyən maraqlı deyil və belə bir qurumun qəbul etdiyi “sifarişli qətnamə” də ancaq heç bir hüquqi əsası olmayan bir kağız parçası sayılır.