Sevgililər Günü hansı tarixdə qeyd olunmalıdır? - SORĞU

4 Fevral 2025 15:29 (UTC+04:00)

Fevralın ilk ongünlüyündən başlayaraq hədiyyə mağazalarında nəzərə çarpan canlanma 14 fevraladək davam edir. Daha çox gənclərin qeyd etdiyi 14 fevral tarixi yaşlı nəsili o qədər də maraqlandırmır. Valentin günü” dünyanın bir sıra ölkələrində 14 fevralda qeyd edilir. Dünya ölkələrində, bu günün həvəskarlarının bir-biri üçün hədiyyələr aldığı və kütləvi qeyd etdiyi faktları danılmazdır. Valentin gününün atributları da var, bunlar ürək şəkilləri və göyərçin fiqurudur. Bəs indi bir çox müsəlman ölkələrində, türk dünyasında belə qeyd edilən bu xristian gününün əhəmiyyəti nədir? Artıq 18 ildir ki, Azərbaycanda 30 iyun tarixi Sevgililər günü kimi qeyd olunur. Ən əsası isə bu günün tarixinin xüsusi özəlliyi var. Belə ki, 30 iyun tarixi 1990-cı ildə törədilmiş 20 Yanvar qırğını zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günüdür. SİA olaraq "Sevginin günü var?", "Sevgililər Günü hansı tarixdə qeyd olunmalıdır?" sualları ilə şəhər sakinləri arasında sorğu keçirdik.

Şəhər sakini Ayan İmanova: "Sevgililər Günü əslində 14 fevralda qeyd olunmalıdır. Çünki hamı, bütün dünya belə qeyd edir. Məncə, sevginin günü var. Bu özəl günü qeyd etmək lazımdır. Hədiyyə alıb-vermək çox yaxşıdır, amma təkcə 14 fevralda yox, hər dəfə buna ehtiyac var".

Şəhər sakini Gülçin Məmmədova: "Sevginin günü yoxdur, hər gün qeyd oluna bilər. Hər kəs azaddır, nə vaxt istəyirlər, o vaxt da qeyd edə bilərlər. Təki yaxşı günləri qeyd etsinlər. Mən bəzi özəl günləri sevdiklərimlə keçirirəm. Sevgililər Günündə yox, kənar vaxtda qarşı tərəfdən çox özəl hədiyyə almışam. Hədiyyəni başqa vaxtda da səbəbsiz vermək olar".

Şəhər sakini Hökumə Ağazadə: "Sevgidə çox yaralıyam. Mənim üçün ona görə də o günün önəmi yoxdur. Bütün sevgiləri də Allah xoşbəxt etsin. Sevən insan üçün gün vacib deyil. Sevən hər gün sevir. Sevgililər Günü ona görə var ki, yadda qalınsın ki, iki tərəf də özəl gündə bir-birinə diqqət ayırır, sevir. Bu, qadınların şüuraltı hobbisidir. Hədiyyə alıb-vermək üçün bəhanədir. Sevənlər arasında vaxt, gün, tarix olmur".

Şəhər sakini Həsən Həbibzadə: "Məncə, Sevgililər Günü 14 fevral tarixində qeyd olunmalıdır. Çünki bütün dünya belə qeyd edir, biz də belə qeyd etməliyik. Sevgililər Günü ona görə var ki, sevgi insanların yadından çıxmasın".

Şəhər sakini Tapdıq Məmmədov: "Sevginin günü yoxdur. İki gənc arasında nə zaman xoş münasibət yaranır, nə zaman bir-birlərini başa düşürlərsə, problemlərini nə zaman həll edə bilirlərsə, sevginin tarixi o gündür. Bizim zamanımızda sevgililər günü yox idi. Valideynlər istəyirdilər ki, uşaqları qohumları ilə evlənsinlər. Mən də anama dedim ki, qohum qızlarına bacılarım kimi baxıram. Ona görə də, onlarla evlənə bilmərəm. Dedim ki, sonda kimi ürəyim istəyəcəksə, o vaxt evlənəcəm. Ürək istəməsə, o sevginin xeyri yoxdur.

Məhəbbət bir qəlbin gözəlliyidir.
İnsanın, varlığın əzəlliyidir.
Sevən könüllülərin gözəlliyidir.
Məhəbbət ömürdür, bölünərmi ki?

Qəlbini həsr eylə birinə yalnız
Bölünsə məhəbbət olarsan yalqız
Hərənin qəlbində yanar bir ulduz
Talelər bölünsə, bilinərmi ki?".

Şəhər sakini Qərənfil Məmmədzadə: "Sevginin günü yoxdur. Dəyər verən həmişə dəyər verir, fevralın 14-ü yox. Bu günün olması standart bir şeydir. Bütün dünya Yeni ili 31 dekabrda qeyd edir, günü də dəyişmirik".

Şəhər sakini Şəhanə Musayeva: "Sevginin günü yoxdur. Sadəcə olaraq bu günün 14 fevralda olması uyğunlaşmış, standartlaşmış şeydir. Sevgililər Günü hədiyyə vermək üçün də bəhanə deyil, bəzi anları yeniləmək üçündür".