Reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam şərtləri müəyyənləşir. SİA-nın xəbərinə görə, bu, Milli Məclisin Aqrar siyasət komitəsində müzakirə edilən “Reklam haqqında” qanuna təklif edilən yeni – 26-1-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, rəqəmsal platforma təsisçisi tərəfindən həyata keçirilən reklam yayımı “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydi ilə müşayiət olunmalıdır. Rəqəmsal platforma təsisçisi tərəfindən reklamı həyata keçirilən əmtəənin təqdim edilməsi zamanı reklam materiallarını audio və ya vizual olaraq dəyişən tətbiqlərdən istifadə edildikdə bu barədə reklam istehlakçısı məlumatlandırılmalıdır.
Rəqəmsal platforma təsisçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı reklamverici barədə aşağıdakı məlumatlar verilməlidir:
- hüquqi şəxsin adı, faktiki ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
- sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin soyadı, adı, atasının adı, fəaliyyət ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
- əlaqə məlumatları (telefon və elektron poçt ünvanı).
Rəqəmsal platforma təsisçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı aşağıdakılar qadağan edilir:
- özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlış təsəvvür yaratmaq;
- reklam daşıyıcısı olan rəqəmsal platforma vasitəsilə reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq.
Nəzərdə tutulmuş tələblər audiovizual media subyektlərinin reklam daşıyıcısı olan rəqəmsal platformalardakı reklam fəaliyyətlərinə aid edilmir.