Beynəlxalq reytinq agentliyi “S&P Global Ratings” Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yaxşılaşdırıb. Mərkəzi Bankdan SİA-ya bildirilib ki, agentlik sahə riskinin qiymətləndirməsini “sabit”dən “müsbət”ə dəyişib.
S&P analitiklərinin fikrincə, bu müsbət tendensiya ölkədə son iki ildə 2024-2026-cı illər üçün Maliyyə Sektorunun İnkişafı Strategiyası çərçivəsində maliyyə institutlarına nəzarət və tənzimləmənin yaxşılaşdırılması təşəbbüslərini əks etdirir. Bu təşəbbüslər effektiv şəkildə həyata keçirildiyi təqdirdə Azərbaycanda banklara nəzarət və tənzimləmənin daha da gücləndirilməsinə imkan verəcək.
2025-ci il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanın bank sektorunun aktivləri 53 milyard manatdan çox olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz çoxdur. Mərkəzi Bankın məlumatına əsasən, ötən il bank sektorunun kredit portfeli 18,7 faiz artıb, aktivlərdə kreditlərin payı isə 44,4 faizdən 48,9 faizə yüksəlib. Hesabat dövründə bank sektorunun öhdəlikləri 7,6 faiz artaraq 46,3 milyard manata çatıb.
2024-cü ilin yekunlarına görə, sektorun xalis mənfəəti 1,4 milyard manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 3 faiz azdır. Ötən il bankların əməliyyat gəlirləri 17 faiz artaraq 5,6 milyard manata, əməliyyat xərcləri isə 25,6 faiz artaraq 3,9 milyard manata çatıb.